YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Türk dünyasının birliyi bu gün artıq gercəklikdir. Türkdilli dövlətlər arasında birliyin möhkəmləndirilməsində Azərbaycanın rolu daim vurğulanır və yüksək dəyərləndirilir. Ölkəmizin türk dünyasına ünvanladığı “Biz birlikdə güclüyük!” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur.

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Ölkəmizin bu istiqamətdə töhfələrindən biri də Türk Şurasının yaradılması ilə bağlı sazişin məhz Azərbaycanda  imzalanmasıdır. Belə ki, 2009-cu ildə  Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradıldı.  Sazişi dörd ölkənin rəhbərləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzaladılar. İllər ötdükcə, xüsusilə son dövrlər Azərbaycanın və Türkiyənin liderliyi ilə  Şuraya üzv ölkələr arasında əməkdaşlıq və əlaqələr genişləndi.  2021-ci ilin noyabrında Şura Türk Dövlətləri Təşkilatına  çevrildi və onun üzvlərinin sayı artdı. Hazırda təşkilatın 5 əsas-Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və 2 müşahidəçi üzvü - Macarıstan və Türkmənistan var. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir.

Bu gün türk dövlətləri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda ölkə mətbuatında geniş müzakirə edilən Azərbaycan-Qazaxıstan əlaqələri türk birliyinə töhfələri ilə diqqətdədir. İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. O da məlumdur ki,  Qazaxıstan Respublikası Hökuməti yanında Onomastik Komissiyanın ötən il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi barədə yekun qərar qəbul olunub. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir. 2023-cü ilin  aprelində  hər iki ölkə prezidentinin - İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirildi. Bundan əlavə, L.N.Qumilyov adına Avrasiya Milli Universitetindəki Heydər Əliyev adına auditoriya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən yenidən qurulub, son texnoloji avadanlıqlarla təchiz olunub.

Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində  də dostluğumuzun bariz nümunəsi olan bu məqamlara xüsusi diqqət yönəldildi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Çox şadam ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram” söyləyərək onu da əlavə etdi ki, mədəni-humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Azərbaycanın mədəniyyət xadimlərini Qazaxıstanda gözləyirik: “Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə ona çox minnətdaram. Eyni zamanda, ötən il biz hörmətli Prezidentlə paytaxtımızda dahi dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışını etdik. Belə təmaslar, şübhəsiz ki, davam edəcəkdir.”

Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə uğurlu nəticələrə yol açdı. Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Türk dünyasının birliyi də bu tərkibdəndir. Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Prezident  İlham Əliyev bu il keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimindəki çıxışında diqqəti Türk dünyası ilə bağlı ölkəmizin siyasətinə yönəldərək belə bir  çağırışı etdi: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Azərbaycan-qazaxıstan münasibətlərinin inkişafına qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

DİGƏR Xəbərlər Arxiv