YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetlərindən biri Mərkəzi Asiya dövlətləri, o cümlədən regionun Türk dövlətləri ilə dostluq, qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin qurulmasıdır. Son dövrlər ölkə başçımızın Mərkəzi Asiya dövlətlərinə, bu regionun dövlət başçılarının Azərbaycana səfərləri müntəzəm xarakter alıb.

Azərbaycan ortaq dilə, mədəniyyətə, tarixə malik türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətlər Təşkilatının yaradılmasında Prezident İlham Əliyevin böyük xidmətləri olmuşdur.  TDT-ya üzv dövlətlərdə əhali sayının artımı, bu ölkələrin zəngin təbii sərvətlərə malik olması, iqtisadi və siyasi sahələrdə böyük irəliləyişə, tərəqqiyə nail olmaları təşkilatın yaxın gələcəkdə dünyada güc mərkəzinə çevrilməsinə zəmin yaradır. Şərq-Qərb nəqliyyat dəhlizinin də TDT-yə üzv dövlətlərin ərazisindən keçməsi xüsusi önəm kəsb edir.

Azərbaycan TDT-yə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli formatda iqtisadi, mədəni,  elmi sahələrdə bir çox sənədlər imzalayıb. Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edən TDT-yə üzv dövlətlərdən biri də Qazaxıstandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Comart Tokayev arasında dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir.  Qazaxıstan Respublikasının Prezidentinin martın 11-də Azərbaycanda səfərdə olması və Prezident İlham Əliyevlə görüşü çox əlamətdar oldu.

Qazaxıstan Prezidentinin səfəri ilə əlaqədar Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış etdi. Çıxışında ölkə başçımız Azərbaycanla Qazaxıstan arasında mövcud dostluq, qardaşlıq əlaqələri, iki dövlətin nəqliyyat-loqistika və enerji sahəsində birgə əməkdaşlığı barədə danışdı.

Qazaxıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi Qazaxıstanın Azərbaycan dövlətinə dəstəyinin növbəti nümunəsidir.

TDT çərçivəsində də Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı fəaliyyət gələcəkdə daha da möhkəmləndiriləcək. Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının keçirilməsi əlamətdar bir hadisə oldu. Əlamətdar hadisələrdən biri də Trans Xəzər nəqliyyat dəhlizinin reallığa çevrilməsidir. Trans Xəzər nəqliyyat dəhlizi tək Azərbaycanla Qazaxıstan arasında deyil, bir çox dövlətlər arasında bir körpüdür. Çindən Avropaya daşınan yüklər Qazaxıstan və Azərbaycandan keçməklə ən qısa vaxt ərzində son mənzilə çatır.

Azərbaycan və Qazaxıstan təbii sərvətlərlə zəngin olmasına baxmayaraq hər iki ölkə öz ərazisində beynəlxalq standartlara uyğun nəqliyyat-loqistika infrastrukturu yaradıb. Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində iqtisadiyyat, elm, mədəniyyət, gənclər və idman sahələrini əhatə edən dövlətlərarası sənədlər imzalandı.  Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıqda ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur.  Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. 2023-cü il dövlətlərimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib. Əlaqələrin möhkəmləndirilməsi nəticəsində yaxın gələcəkdə investisiyaların həcmi xeyli artırılacaq. Azərbaycan və Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki dövlətin parlamentlərində dostluq qrupları da fəaliyyət göstərir.

DİGƏR Xəbərlər Arxiv