YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qazaxıstan münasibətləri möhkəm təmələ əsaslanır

“Türk dünyasının birliyinin yüksək zirvəyə çatdığı tarixi məqamları yaşayırıq. Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərin yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Azərbaycan hər zaman türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir. Tarixi Zəfərimiz digər sahələrdə olduğu kimi, Azərbaycanın xarici siyasət uğurlarında, həmçinin türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter daşıyır. Bu isə öz növbəsində ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də ölkəmizə dövlət səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin Prezidentlərin mətbuata birgə bəyanatları strateji tərəfdaş, eyni zamanda, müttəfiq dövlətlər olan Azərbaycan və Qazaxıstanın əməkdaşlıq əlaqələrinin möhkəm təmələ əsaslandığını və bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bizim üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq olan Qazaxıstan Prezidentinin dövlət səfərinə böyük əhəmiyyət veririk. Münasibətlərimizin dinamikası qarşılıqlı səfərlərimizin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Qazaxıstana dörd dəfə səfər etdiyini önə çəkən cənab İlham Əliyev, həmçinin bu dövrdə Qazaxıstan Prezidentinin üçüncü dəfə ölkəmizə gəldiyini diqqətə çatdırdı. O da bildirildi ki, səfər çərçivəsində aparılan fikir mübadiləsinə uyğun olaraq cari ilin sonunadək qarşıdakı səfərlərlə bağlı razılıq əldə edilib. Məhz belə dinamik qarşılıqlı fəaliyyət faktı özlüyündə iki qardaş ölkənin münasibətlərinin mənzərəsini təqdim edir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izlədilər: “Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib. Prezident İlham Əliyev mərasimdə bildirdi ki, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar. Qazaxıstan Prezidenti bu tədbirin Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacağını bildirdi. Bu fikir də xüsusi vurğulandı ki, Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq, əməkdaşlığın bütün sahələrində, o cümlədən nəqliyyat-logistika üzrə tərəfdaşdırlar.”

Millət vəkili onu da əlavə edib ki, səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi də iki ölkə arasında əlaqələrin gələcək inkişafının prioritetlərinin müəyyənləşdirilməsində əhəmiyyətli addımdır: “Ümumilikdə Şuranın yaradılması qərarı münasibətlərimizin yüksək səviyyəsini və hər iki tərəfin qarşılıqlı əməkdaşlıq potensialının möhkəmləndirilməsi istəyini bir daha sübut edir. Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərin dinamikası çox yüksəkdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir.”

Malik Həsənov iki strateji tərəfdaş, müttəfiq ölkənin ikitərəfli əlaqələrinin gündəliyinin çox zəngin olduğunu bildirib: “Münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. Bu, özünün səfər çərçivəsində imzalanan sənədlərdə də aydın ifadəsini tapdı. Təhsil, eyni zamanda, media sahəsində əmkdaşlıq prioritet məsələlərdəndir. Ümumilikdə indiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi qeyd edilir.”

Millət vəkili, eyni zamanda, diqqəti iki ölkə arasında dostluğun, qardaşlığın simvolu olan Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasiminə yönəldib: “Prezidentlərin iştirakı ilə keçirilən açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi ki, biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxır. Bu Mərkəz Qazaxıstan xalqı adından hədiyyədir. Mərkəz şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.”

“Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir” söyləyən Malik Həsənov bildirib ki, günün aktual məsələləri ətrafında aparılan müzakirələr fonunda ümumi mövqeyin ortaya qoyulması, müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması əməkdaşlığın möhkəmləndirilməsində öz sözünü deyir: “Dünyada cərəyan edən proseslərin fonunda türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə nümayiş etdirir. Türk dövlətləri arasında əlaqələrin inkişafı fonunda Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artacaq, böyük bir ailə olan türk dünyasının birliyi daha da möhkəmlənəcək.”

DİGƏR Xəbərlər Arxiv