YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı faydalı əməkdaşlıq

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Strateji tərəfdaş və müttəfiq dövlətlər olan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə-xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birini dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Martın 11-də ölkəmzidə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilmişdir. Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış etmişlər.

Qardaş ölkənin dövlət başçısına səmimi arzularını çatdıran Prezident İlham Əliyev diqqəti iki qardaş ölkənin münasibətlərinin dinamikasına yönəldərək bildirib ki, son yarımil ərzində qarşılıqlı səfərlərin sayı bu münasibətlərin nə qədər səmimi, dostyana olduğunu göstərir.

Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirən ölkəmizin başçısı bu məktəbi  Qazaxıstanın Azərbaycana qardaş köməyi, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyinin ifadəsi adlandırmışdır. Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması yönündə Qazaxıstan Respublikasının tutduğu mövqedən razılığını bildirən dövlətimizin başçısı qeyd etmişdir: “Həmçinin ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq.”

BMT və Türk Dövlətləri Təşkilatında ölkələrimizin birgə fəaliyyətini uğurlu adlandıran cənab İlham Əliyev qeyd edib ki, “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir.” 

Neft-qaz sənayesi və “yaşıl” enerji sahəsində hər iki ölkənin qarşılıqlı əməkdaşlığının yüksəldiyini qeyd edən ölkə başçısı bildirdi ki, bu sahəyə hər iki dövlət tərəfindən böyük investisiyalar yatırılıb və bu gün ölkələrimiz paralel istiqamətlər üzrə hərəkət edir.

Qardaş Qazaxıstan Respublikasının rəhbərini beynəlxalq məsələlərdə nüfuzunun daim yüksəlməsində əldə olunan nailiyyətlərə görə təbrik edən cənab İlham Əliyev: “Bu, bizim üçün çox mühümdür, qardaş xalqla qürur duyuruq. Çünki bu gün Qazaxıstan beynəlxalq arenada müdrik siyasət, düzgün seçilmiş strategiya və dövlətin inkişafına yönəlmiş dəqiq, ölçülüb-biçilmiş addımlar atır, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyət sayəsində çox böyük nüfuza malikdir”-deyə həyata keçirilən siyasəti alqışlayıb.  

Prezident İlham Əliyevin bəyanatından göründüyü kimi, Qazaxıstanla münasibətlərimiz Türk dünyasının inkişafında, dövlətlərarası münasibətlərdə kifayət qədər rola malikdir və hər iki ölkə rəhbəri bu münasibətlərin inkişafında, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır.