YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın tarixində yeni mərhələ

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan xalqının ağır günlərində ulu öndər Heydər Əliyev yenidən öz xalqının xilaskarına çevrildi. Xalqımız Heydər Əliyev tərəfindən  yaradılmış Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Xalqımız başa düşürdü ki, ulu öndərin öz xalqına olan sadiqliyi və sevgisi onları bu əzab- əziyyətdən çıxaracaq və gözəl gələcəyə aparacaq.

Ulu öndər Heydər Əliyevin siyasi iradəsi, peşəkarlığı nəticəsində dövlətimiz parçalanmaqdan və bir çox başqa təhlükədən xilas oldu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Heydər Əliyev Prezident seçildi. Ulu öndər Prezident seçildikdən sonra Azərbaycanın tarixində yeni mərhələ başladı və ölkəmiz böhrandan çıxma prosesinə qədəm qoydu. Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf etdi, böyük layihələrə imza atmış oldu. Ölkəmizin iqtisadi inkişafı onun müstəqilliyini də möhkəmləndirdi. Azərbaycan dövləti Ermənistandan fərqli olaraq iqtisadiyatını heç kimin köməyi olmadan öz daxili imkanları hesabına artırırdı.

Son dövrlər ölkəmizdə siyasi islahatların reallaşması inkişafımızı daha da sürətləndirmişdir. 2018-ci il Prezident və 2020-ci il parlament seçkilərində, 2020-ci ildə ikinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbədən sonra yaranmış reallıqlar siyasi islahatların daha da dərindən aparılmasına səbəb oldu.  Yeni Azərbaycan Partitasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinin davamıdır.

2021-ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın bu günə kimi keçdiyi yoldan danışdı və partiyanın gələcək fəaliyyətinə dair tövsiyə və tapşırıqlarını verdi.

VII qurultayda qəbul edilmiş qərarlar iqtidarla xalq arasında mövcud birliyin, eləcə də bu həmrəyliyin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdı. Qurultayda partiyanın birinci müavini postunun təsis edilməsi və bu postun  ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsi partiyada idarəetmə prosesinin təkmilləşdirilməsinə böyük təkan verir. YAP ın ən prioritet vəzifələrindən biri də hər zaman milli maraqların qorunması olmuşdur.

YAP gənc nəslə böyük dəstək verən və onları öz ətrafında birləşdirən bir partiyadır. Vətən müharibəsində qələbə qazanmağımızın ən əsas səbəblərindən biri də 2003- cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyevin vaxtında uşaq və yeniyetmə olan gənclərimizin, savaşda böyük mərdlik və qəhrəmanlıq göstərməsi olmuşdur. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərin milli ruhda yetişməsinə böyük diqqət yetirir.

Ölkədə həmrəylik və demokratiyanın bərqərar olması üçün iqtidar partiyası olaraq YAP hər zaman digər siyasi partiyalara çağırış etmişdir. Ölkəmizin inkişafı və tərəqqisi naminə YAP respublikamızda fəaliyyət göstərən bütün siyasi partiyalarla əməkdaşlıq etməyə və dialoq qurmağa hazır olduğunu bəyan etmişdir. YAP-ın VII-ci qurultayında Partiyanın yeni Nizamnaməsi təsdiq olundu.  Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, eləcə də partiyanın strukturunda Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının yerli təşkilatlarının və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII-ci qurultayda həmçinin İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmişdir.

Siyasi dialoqun və milli həmrəyliyin təzahürü olaraq qurultayda ölkəmizdə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması barədə müraciətlərinə baxılmış və öz müsbət həllini tapmışdır.

Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, həmçinin digər müavini və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir.

YAP beynəlxalq əlaqələrin də qurulmasına böyük önəm verir. Son illər YAP xarici dövlətlərin hakim partiyaları ilə əlaqələr yaradıb və əməkdaşlığa dair niyyət protokolları imzalamışdır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi önəm daşıyır. 2021-ci il dekabrın 3- də YAP ilə Ukraynanın "Xalqın Xidmətçisi" Partiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. YAP ın Rusiya,  Özbəkistan,  Tacikistan,  Yaponiya,  Vyetnam,  Laos, Kamboca, Gürcüstan, Koreya, Pakistan, Qırğızıstan, Qazaxıstan hakim partiyaları ilə əlaqələri yüksək səviyyədədir. 

YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixində keçirilən iclasında 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarət Proqram təsdiq edilmişdir. Proqramda YAP ın siyasi dəyərləri və prinsipləri sistemində 10 strateji istiqamət müəyyən olunmuşdur.

Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAPı dəstəkləyir və partiyanın sədri,  ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi özlərinin lideri hesab edir.

YAP dünyada mövcud oıan hakim partiyalar arasında sayılıb seçilən bir partiyadır. Partiya bu gün də regionda ən böyük partiya statusunu özündə saxlamaqdadır.

YAP hər zaman Azərbaycan xalqının milli maraqlarına xidmət edən, sülhü, bərabərliyi, insan faktorunu hər şeydən uca tutan bir partiya olub, belə də qalacaq. Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimi "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır".