YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni uğurlar, yeni zəfərlər əldə etmək üçün yeni hədəflərimiz var

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Müasir dövlətlərin idarəetmə sistemində siyasi partiyaların rolu müstəsnadır. Əlbəttə, hakimiyyətləri formalaşdıran xalqın seçimidir. Lakin xalqın seçimini istiqamətləndirən, səs verərkən onlara daha böyük imkanlar təqdim edən siyasi partiyalardır. Siyasi partiyalar demokratiyanın ən əsas tələblərindən biridir. Çoxpartiyalı sistemlər ölkələrin inkişafını təmin edən əsas amildir. Siyasət elmində bir də hakim partiya, iqtidar partiyası terminləri vardır ki, bu, birbaşa xalqın seçkilərdə etimad göstərdiyi partiyadır.

Azərbaycanın müasir müstəqilliyinin yaşı ilə həmyaşıd olan Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi və sosial quruluşunun formalaşmasında müstəsna xidmətlərə malikdir. Məhz bu səbəbdəndir ki, artıq 30 ildən çoxdur ki, xalqımız doğma partiyamıza etimad göstərərək onun hakim partiya statusunu saxlamaqdadır. 7 fevral növbədənkənar prezident seçkilərində YAP-ın namizədi İlham Heydər oğlu Əliyevə xalqımızın yüksək etimadı eyni zamanda doğma partiyamızın cəmiyyətdəki nüfuzunun göstəricisidir.

Davamlı islahatlar Yeni Azərbaycan Partiyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Yarandığı gündən doğma partiyamız daima yenilənərək cəmiyyətin sosial və siyasi tələblərinə, çağırışlarına cavab vermək YAP-ın əsas qayəsi olmuşdur. Çünki Ulu Öndər Heydər Əliyev bu partiyanı yaradanda xalqın tələb və təkliflərini nəzərə almışdır. Doğma partiyamız cəmiyyətin ona layiq bildiyi siyasi-sosial istiqamətdə inkişaf etməyə davam etmişdir. 5 mart 2021-ci ildə keçirilmiş Qurultay da məhz bu davamlı islahatların axıcılığını təmin edən amildir. YAP nəinki öz qarşısına qoyduğu tələbləri yerinə yetirmişdir, o hətta ölkəmizin milli maraqlar naminə həyata keçirdiyi bütün işlərdə fəal iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətdə dialoqun, qarşılıqlı anlaşmanın, bütün təkliflərin dinlənilməsinin tərəfdarı olmuşdur. Ən böyük siyasi və sosial təşkilat olan doğma partiyamız cəmiyyətimizdə siyasi dialoq mühiti formalaşmasında daim novator rolunu oynamışdır. Yeni Azərbaycan Partiyası ölkəmizdə həmrəyliyin partiyasıdır. 44 günlük Vətən müharibəsində və sonrasında ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların həmrəylik göstərməsində və ortaq bəyanatla çıxış etməsində doğma partiyamızın rolu əvəzolunmazdır. YAP həm də bu həmrəyliyə dəstək verməyən, lakin özünü dırnaqarası vətənpərvər göstərənlərin də əsil simalarını açıq cəmiyyətə göstərdi. Vaxtı ilə hakimiyyətləri dönəmlərində faciələrə səbəb olmuş, siyasi səriştəsizlik göstərmiş həmin adamlar bu gün də ölkəmizdə siyasi dialoqa və milli həmrəyliyə mane olurlar. Lakin xalqımız cəmiyyəti birləşdirmək vəzifəsini hakim partiya olan YAP-a verib və doğma partiyamız bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.

5 mart 2021-ci ildə keçirilmiş VII Qurultay özlüyündə yeni bir dövrün başlanğıcı idi. Partiyanın yuxarı qərarverici orqanlarından yerli təşkilatlarına qədər böyük dəyişikliklərlə müşahidə olunan islahatlar bu gün regionda YAP-ın nüfuzunu daha da artırır. Dünyada olan hakim partiyalarla əlaqələrin qurulması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, dövlət siyasətlərinin partiyalar səviyyəsində müzakirə olunması və dialoqun təşkili nöqteyi nəzərindən doğma partiyamızın son dövrlər həyata keçirdiyi işlər ölkəmizin inkişafına xidmət etməkdədir.

YAP-ın VII Qurultayı yeni yol xəritələrini və yeni istiqamətləri müəyyən etmiş oldu. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev doğma partiyamızın qarşısında yüksək dəyərlərə cavab verən, müasir çağırışları özündə birləşdirən böyük hədəflər qoymuşdur. Yeni Azərbaycan Partiyası da öz işinin səmərəli təşkili baxımından meyyarlar formalaşdırmış, o meyyarların qorunub saxlanması istiqamətində işlər aparmışdır. Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi meyarlar, yol xəritələri partiyanın nəinki digər partiyalarla işinin təşkilində, hətta öz daxilində inkişafının təmin olunmasında əsas amildir.

Hər bir partiyanın siyasi və strateji hədəfləri olmalıdır. Əlbəttə, siyasi partiyaların ən böyük hədəfi hakimiyyətdə təmsil olunmaqdır. Lakin YAP kimi milli maraqları və dəyərləri üstün tutan, yaşadan partiyaların daha böyük qayğıları var. Əlbəttə, Yeni Azərbaycan Partiyasının ilk strateji hədəfi Heydər Əliyev irsinin təbliği və təşviqidir. Güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi digər strateji hədəflərin doğma partiyamızı aydın sabahlara və daha böyük siyasi zəfərlərə aparacağına əminəm.

Yeni Azərbaycan Partiyası öz tarixi köklərinə sadiqdir. Yarananda böyük təhlükələrlə üz-üzə qalan qurucuları öz canları bahasına Ulu Öndər Heydər Əliyevi qorumuş, saxlamış və onun ideyalarının bütün ölkədə yayılmasına xidmət etmişlər. Biz bu cəsarətli adamları hörmət və ehtiramla yad edirik. Keçmişə hörmətlə və gələcəyə ümidlə Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində strateji istiqamətləri müəyyən olunub. Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı kimi böyük əhəmiyyətə malik olan strateji istiqamətlər partiyanın inkişafında mühim rol oynayır.

Birmənalı qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası zəfərlərin partiyasıdır. Doğma partiyamız siyasi zəfərlərlə yanaşı hərbi zəfərlərin əldə olunmasında, əldə edilən zəfərlərin qəhramanlarının özlərinin və adlarının yaşadılmasında böyük rola malikdir. YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş VII Qurultayından sonra bu istiqamətdə görülən işlər daha da artırılmışdır. Şəhid ailələri və qazilərlə sosial işin təşkili mühim strateji xətt kimi müəyyən olunmuşdur. İndi ölkəmizdə canını Vətənə qurban verən hər bir şəhidin ailəsi, hər bir qazi öz dövlətinin onun qoruyucusu olduğuna əmindir. Cəmiyyətin sosial müdafiəçisi olan Yeni Azərbaycan Partiyası da hər bir sahədə olduğu kimi həssas təbəqədən olan insanlara dəstək baxımından da hər zaman öz dövlətinin və xalqının yanındadır.

YAP-ın 5 mart 2021-ci ildə keçirilmiş VII Qurultayından artıq üç il keçməkdədir. Geriyə dönüb islahatları təhlil edərkən görürük ki, doğrudan da müasir dünya yerində dayanmır. Deməli, cəmiyyətlər kimi siyasi partiyaların da hədəfləri dəyişə bilər. Azərbaycanın əldə etdiyi böyük qələbələrin sayəsində doğma partiyamızın da bütün qarşısına qoyduğu hədəflər əldə olunmuşdur. İndi isə başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla yeni uğurlar, yeni zəfərlər əldə etmək üçün yeni hədəflərimiz var və biz bu istiqamətdə iri addımlarla irəliləyirik.