YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir

“Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda  Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarlar, atdığı addımlar  daim ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Yarandığı gündən  sözlə əməl birliyi, tutduğu yola sadiqliyi, hər zaman Azərbaycanın daha da qüdrətlənməsinə, insanların yüksək rifah şəraitində yaşamasına  səy göstərməsi  Yeni Azərbaycan Partiyasının  ümumxalq partiyası kimi qazandığı mövqeyi günbəgün  möhkəmləndirir. Dövrün tələblərinə uyğun islahatlar prosesinin qaçılmazlığı partiyanın fəaliyyətində də özünün aydın ifadəsini tapır. 2018-ci ildə keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində  islahatların anonsunu vermişdir. Bir mühüm məqamı da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyası  ölkədə geniş vüsət alan islahatlar prosesinin  qanunverici orqanda da öz əksini tapması  üçün 2019-cu ilin sonlarında Milli Məclisin  buraxılması və ölkədə növbədənkənar parlament  seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2020-ci ilin 9 fevral tarixində ölkəmizdə parlament seçkiləri keçirildi. 2020-ci il, eyni zamanda, tariximizə Zəfər ili kimi də yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin Zəfər səhifəsini yazdı. 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Beləliklə, 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində əldə olunmuş şanlı Qələbədən sonra yaranmış yeni reallıqlar  siyasi islahatların dərinləşdirilməsini bir zərurətə çevirdi. Yeni reallıqlar hər bir sahədə yenilikləri, təkmilləşməni şərtləndirdi. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də bu zərurətdən irəli gələn mühüm addımlardan oldu.”

Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili Azərbaycanın ötən müddətdə xarici siyasət uğurlarından, sözünün imzası qədər dəyərli olmasından geniş bəhs edərək diqqəti ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinə yönəldib: “Ölkələr arasında əlaqələrin inkişafında hakim partiyaların rolu böyükdür. İki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında  davam edən əməkdaşlıq 2021-ci ildən  yeni mərhələyə qədəm qoydu. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə stimul verir. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin  Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” Daimi Komitəsinin üzvüdür.”

Nurlan Həsənov hər dövrün öz çağırışları olduğunu önə çəkərək dövlət başçısı İlham Əliyevin partiyanın VII qurultayında yeni Proqramın hazırlanması ilə bağlı tapşırığından və bunun əsasında 2021-ci ilin sonunda bu sənədin təsdiqlənməsindən bəhs edib: “Artıq yeni Proqramın təsdiqlənməsi zərurət idi. Əvvəlki sənəddə əksini tapan bütün hədəflərə nail olundu, vəzifələr uğurla icra edildi. Əsas hədəflərdən biri ərazi bütövlüyümüzün təmin edilməsi idi. Cənab İlham Əliyevin VII qurultaydakı çıxışında qeyd etdiyi kimi, 2003-2020-ci illər torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilir. Azərbaycan bu illər ərzində Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təmələ söykənərək daha da gücləndi, qüdrətləndi, iqtisadi və siyasi müstəqilliyi təmin olundu, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı, ölkəmizin beynəlxalq nüfuzu artdı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində çanlı Qələbəyə nail olduq.  Tarixi Zəfərimizin reallıqları əsasında hazırlanan və təsdiqlənən yeni Proqramın özündə ehtiva etdiyi 5 fəsil və 29 müddəa yeni hədəflərin təqdimatıdır. Proqrama əsasən YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlikdir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.”

Millət vəkili ölkəmizin yeni dövrə qədəm qoyduğunu, yeni hədəflərin müəyyənləşdirildiyini qeyd edərək onların həyata keçirilməsində    Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edib: “Bu gün qalib Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik. Suverenliyimizin bərpası ilə Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Bu mərhələnin mühüm hadisəsi 7 fevral tarixində  növbədənkənar prezident seçkilərinin keçirilməsidir. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövrün başlanğıcı oldu. Bu qələbə, eyni zamanda, cənab İlham Əliyevin partiyanın VII qurultayında böyük əminliklə qeyd etdiyi “YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq” fikirlərinin təsdiqi oldu.”

DİGƏR Xəbərlər Arxiv