YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi platformada yeni hədəflər

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Üç il bundan öncə, 2021-ci ilin martin 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə idi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev geniş proqram xarakterli çıxışında növbəti illərin prioritetlərini müəyyənləşdirmiş oldu. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında son illərin ölkəmiz üçün bir çox məqamlarda həlledici dövr olduğunu vurğuladı. VI və VII qurultaylar arasında keçən müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunması xüsusi qeyd edilməlidir. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, işğal dövründə dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci ilin 10 noyabr tarixində əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verdi. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir. Elə bu inamın nəticəsi idi ki, 2023-cü ilin sentyabrında 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Cənab İlham Əliyev qurultayda çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər. Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də, həmçinin rayon təşkilatlarının sədrləri arasında da gənclər üstünlük təşkil edir. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan dövlətimizin başçısı bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük yük düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik olub. Burada Ulu Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı yada düşür. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimizin başçısının fəaliyyətinin bütün istiqamətlərində ən önə çıxan anlayışın Vətən sevgisini olduğunu gördü, belə yetişdi. Prezident İlham Əliyev həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də fəal şəkildə iştirak etməli olduğunu xüsusilə vurğuladı. Azad olunmuş ərazilərdə 38 ay ərzində gerçəkləşdirilən layihələrin reallaşmasında Azərbaycan gənclərinin rolu danılmazadır. İlkin mərhələdə bərpa olunan ərazilərə köçənlər arasında gənc ailələr üstünlük təşkil edir. Bir neçə kəlmədə 2024-cü il fevralın 7-də keçirilən seçkilər haqqında qeyd edərək demək lazımdır ki, bu seçkilər qurultaydan ötən müddət ərzində Prezident İlham Əliyev cənablarının partiyanın qarşısına qoyduğu tapşırıqların yerinə yetirildiyini göstərdi. Demokratik, şəffaf və beynəlxalq standartlara cavab verən prezident seçkiləri bayram əhval-ruhiyyəsində keçirildi. Seçkilərdə ölkə başçısı 92.12% nəticə ilə yenidən Prezident seçildi. Zəfər seçkiləri qalib Azərbaycanın qarşısında yeni üfüqlər açır. Bu, ölkəmizin regional inkişafın aparıcı qüvvəsi, dünya birliyində layiqli yer tutan, sözünün imzası qədər dəyəri olan Azərbaycanın rolunun daha da artmasında, söz sahibliyində özünü təsdiqləyəcək. Yeni Azərbaycan Partiyasında üzvləri bütün bu proseslərdə yaxından iştirak edib və üzərinə düşən missiyanı layiqincə yerinə yetiriblər. Bu isə partiyanın fəaliyyətini zamanın tələblərinə uyğun qurmağının, monolit bir siyasi bir qüvvə olmasının göstəricisidir.