YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın siyasi həyatında yeni bir strategiya

“Azərbaycan müstəqillik qazandıqdan sonra üzləşdiyi çətinliklər, daxili ictimai-siyasi böhran respublikamızı məhv olmaq təhlükəsi ilə qarşılaşdırmışdı. Yeni Azərbaycan Partiyası da məhz belə bir dövrdə Heydər Əliyevin rəhbərliyi ilə Vətəni xilas etmək missiyası ilə yaradıldı və bu bu missiyanı böyük şərəflə yerinə yetirdi. Yeni Azərbaycan Partiyası xalqımızın və müstəqil dövlətçiliyimizin taleyində mühüm rola malikdir. Böyük siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılmış partiyamız müxalifət partiyasından xalqın lider partiyasına çevrilib, öz sıralarında müxtəlif sosial təbəqələri birləşdirərək ümumxalq partiyasına çevrilib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərə adekvat cavab verib. Partiyamız hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyevin ideyalarına sədaqətini, o cümlədən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə, aparılan islahatlara töhfələr verib, bu siyasətin cəmiyyətimizdə geniş təbliği istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan cəmiyyətimizin avanqard siyasi qüvvəsinə çevrilib.  

YAP-ın daim yeniliklərə imza atdığını deyən millət vəkilinin sözlərinə görə,  üç il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş partiyanın VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin inkişafında bu siyasi qüvvənin müstəsna rolu vardır. VII qurultay Yeni Azərbaycan Partiyasının tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Partiyamızın Sədri,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu. Dövlət başçısı, partiyamızın Sədri İlham Əliyevin qurultayda söylədiyi kimi, davamlı islahatlar  Yeni Azərbaycan partiyasını səciyyələndirən əsas xüsusiyyətlərdəndir: “Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun. Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır”.

YAP İdarə Heyətinin üzvünün fikrincə, VII Qurultayda qəbul olunmuş vacib qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olub. belə ki, partiyadaxili struktur islahatlar və təşkilati məsələlər həyata keçirilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib. VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilib, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilib. Eyni zamanda, partiyanın Mərkəzi Aparatının strukturunun, partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Qurultaydan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilib. Bu amillər  partiya işində keyfiyyətli dəyişiklərə səbəb olmuş təyinatlardır.

Pərvin Kərimzadə qeyd edib ki,  YAP-ın geniş beynəlxalq əlaqələrə malik olması da ölkəmizin dünyada nüfuzunun artırılması məsələsində mühüm rol oynayır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi Azərbaycan və Türkiyənin hakim siyasi partiyalarının münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır. YAP həmçinin, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP)  üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP-ın, həmçinin Türkiyə, Rusiya, Kanada, Hindistan, Gürcüstan, Koreya, Pakistan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və bir sıra digər ölkələrinin hakim partiyaları ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bir çox ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrə malik olan YAP Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir, Asiya ölkələrinin siyasi partiyalarının təmsil olunduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvüdür. YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri Çin Kommunist Partiyasıdır. 3 dekabr 2021-ci ildə isə Kiyevdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Ukraynanın hakim “Xalqın Xidmətçisi” partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Deputat deyib ki, qurultaydan sonra qəbul olunmuş yeni Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı. Xüsusi ilə qeyd etmək lazımdır ki, partiyamız 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirdi, Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a birləşməsi isə siyasi dialoqun və münasibətlərin, eləcə də həmrəyliyin yüksək göstəricisidir. Bütün bunlar isə YAP-ın siyasi proseslərdə daim öndə getdiyini bir daha təsdiqləyir.