YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan  Bayrağını ucaltdı.

Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.  İlk dəfə idi ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Dövlət başçısı İlham Əliyev həmin  görüşdə bu məqamın doğurduğu hissləri ictimaiyyət nümayəndələri ilə belə bölüşdü: “Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.”

Bəli, bu gün torpaqlarımızın tarixi sahiblərinə qovuşmasından qürurluyuq. Bu ərazilərimiz hazırda quruculuq meydançasını xatırladır. Amma bununla bərabər faciələrimiz, ən əsası dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı xalqımızın yaddaşından silinməyəcək. Bu faciə zamanı 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz iki ildir ki, xalqımız Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır.

Dövlət başçısı İlham Əliyevin Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı.  18 ölkə  səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.

Cənab İlham Əliyev bu fikirləri ilə diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə və onun yaratdığı problemlərə yönəltdi. Əksər dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verməklə etimadsızlıq mühitinin yaranmasına səbəb oldular. İşğalçı dövlətə dəstək olmaq bu siyasəti müdafiə etmək kimi dəyərləndirilir. Cənab İlham Əliyev hər bir çıxışında bu reallığı diqqətə çatdırır ki, Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi müharibə yaşanmazdı.

Azərbaycan onilliklər ərzində çalışdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Lakin dünyanın ikili siyasəti ədalətin bərpasına mane oldu. Ölkə Prezidentinin vurğuladığı kimi,  ədaləti ancaq  özümüz bərpa etməli olduq və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Müharibə nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edildi. Tarixi Zəfərimizdən üç il sonra isə suverenliyimiz tam bərpa edildi.  Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən çıxarıldı, suverenliyimiz tam təmin olundu.

Bu gün Xocalı da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdış Proqramının uğurlu icrasının sevincini yaşayır. Soydaşlarımızın tamamilə yenidən qurulan, müasir dövrün tələbləri əsasında bərpa edilən torpaqlarımıza, dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Cənab İlham Əliyev Xocalıya səfəri çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, ictimaiyyət nümayəndələri ilə şəhərdə görülən işlərlə tanış oldu. Xocalı Soyqırımı Memorialının qoyulması faciə ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına  öz töhfəsini verəcək.

Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Xalqımız əmin idi ki, torpaqlarımız öz tarixi sahibinə qovuşacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bunun üçün 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaratdı.

DİGƏR Xəbərlər Arxiv