YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı tarixinə sahib çıxan xalqdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir.  Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Dünya zaman-zaman ermənilərin öz himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasətinin şahidi olub. Amma susmaqla, ədalətin və beynəlxalq hüququn yanında olmamaqla növbəti cinayətlərin törədilməsinə yol açıb. 44 günlük İkinci Qarabağ müharibəsində  dünya bir daha  erməni vəhşiliklərinin şahidi oldu.  Döyüş meydanında  məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirilir. Ermənistan  cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Prezident  İlham Əliyev törədilən bu  cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki,  Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu  fikirlərinin reallıqda təsdiqi oldu. Azərbaycan qalibiyyəti ilə dünyaya səs saldı və belə bir mesajı ünvanladı ki, sonda zəfər çalan ədalət və beynəlxalq hüquqdur. Azərbaycanın istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan, yaşadığı faciələri unutmayan, heç zaaman ruhdan düşməyərək daim irəli baxan xalqdır. Xalqımız ədalətin gec-tez zəfər çalacağına əmin idi. Bu gün qürurla ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edirik. Ötən ilin 19-20 sentyabr tarixlərində azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Artıq qalibiyyət rəmzimiz olan üçrəngli Bayrağımız Xankəndidə, Xocalıda dalğalanır. Şəhidlərimizin, Xocalı faciəsinin qurbanlarının ruhu şaddır.

Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib. 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb.  Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimi də  özündə bütün məqamları ehtiva edir. Çoxəsrlik tariximizin hər bir səhifəsinin vərəqlənməsi, gələcək nəsillərə çatdırılması qarşımızda dayanan əsas vəzifələrdəndir. Müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə edərək həqiqətlərimizin, illərdir ermənilərin başımıza gətirdikləri faciələrin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrimizi verməliyik.   Azərbaycan xalqı tarixinə sahib çıxan xalqdır.

DİGƏR Xəbərlər Arxiv