YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XOCALI SOYQIRIMI: ALTI MƏQAM, BİR REALLIQ

Bəşəriyyət əleyhinə cinayət olan Xocalı soyqırımının törədilməsindən 32 il ötür. Bu dəhşətli faciənin mahiyyətini daha yaxşı anlamaq üçün bir sıra tarixi, siyasi və hüquqi nüanslara ayrıca nəzər yetirmək məqsədəmüvafiqdir:

BİRİNCİSİ, Xocalı faciəsi erməni vandalizminin daha bir nümunəsi, yaxud təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi idi;

İKİNCİSİ, baş verənlərə nəzər saldıqda ilk olaraq “Xocalı nə üçün strateji hədəf kimi seçilmişdi” sualını cavablandırmaq zərurəti yaranır. Şübhəsiz ki, Xocalının hədəf seçilməsi və şəhər sakinlərinə qarşı soyqırımının həyata keçirilməsi təsadüfi deyildi. Xocalı coğrafi mövqeyinə görə olduqca mühüm strateji əhəmiyyət kəsb edirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Şəhərinin strateji önəmini artıran növbəti amil isə budur ki, Qarabağdakı yeganə aeroport da Xocalıda yerləşir. Məhz bu, Ermənistanın Xocalıya təcavüzünü şərtləndirən geostrateji amil qismində çıxış edirdi;

ÜÇÜNCÜSÜ, həmin dövrdə məsələyə siyasi-hüquqi qiymət verilməsi zərurət və mühüm vəzifə kimi qarşıda dururdu. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 26 fevralı Xocalı Soyqırımı Günü olaraq qəbul etdi. 25 fevral 1997-ci il tarixində Heydər Əliyevin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Sərəncam imzalaması, 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlərin soyqırımı kimi tanınması hüquqi qiymətləndirmə baxımından mühüm əhəmiyyətə malik idi;

DÖRDÜNCÜSÜ, bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının və erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər XX əsrin əvvəlində baş verdiyi iddia edilən qondarma "erməni soyqırımı" yalanlarını “araşdırmaq”la dünya ictimaiyyətini manipulyasiyaya məruz qoymağa çalışırlar. Belə olan halda, cəmi 32 il öncə baş vermiş və hələ də bir sıra şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil olan əsl soyqırımının - Xocalı faciəsinin tanınması istiqamətində informasiya müharibəsi və diplomatik  mübarizə müstəvisində sistemli fəaliyyətin həyata keçirilməsi strateji zərurət kimi çıxış edir. Azərbaycan dövləti tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər, müxtəlif xarakterli aksiyalar ölkədə və ölkədən kənarda təkcə faciənin baş verdiyi tarix ərəfəsində deyil, bütövlükdə il ərzində reallaşdırılır. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirilən genişmiqyaslı tədbirlər, görülən işlər də konkret nəticələrini verir. Bu kampaniyanın uğurla davam etdirilməsi nəticəsində erməni vandallarının soyqırımı siyasəti dünya miqyasında daha geniş miqyasda ifşa edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasına dəstək xarakterli “Xocalıya ədalət!” beynəlxalq kampaniyası qarşıya qoyduğu hədəflərə çatır. Bütövlükdə, sistemli fəaliyyətin nəticəsidir ki, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq olunub. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib;

BEŞİNCİSİ, bu gün əsas müzakirə predmetinə çevrilən və diqqət mərkəzində saxlanılan məsələ Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən qiymətləndirilməsidir. Əvvəla qeyd etmək lazımdır ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, Xocalıda törədilmiş kütləvi qətliam məhz soyqırımıdır. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu, beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq surətdə hərbi cinayət kimi xarakterizə olunur. Azad dəhliz barədə məlumat Xocalının əhalisinə çatdırılmması da müvafiq konvensiyalara ziddir. Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX, XVII maddələrinə ziddir. Eyni zamanda, Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Nəhayət, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, soyqırımını törədənlər milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Bir sözlə, faciəni törədənlər mütləq ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzalarını almalıdırlar;

ALTINCISI, Xocalı soyqırımı qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. 2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində şəhərin uzunmüddətli hərbi-siyasi əsarətdən xilas edilməsi, oktyabrın 15-də isə Prezident İlham Əliyevin üçrəngli dövlət bayrağımızı Xocalıda ucaltması xalqımızın şərəfli dövlətçilik tarixinin ən qürurverici səhifələrindəndir. Müzəffər Ali Baş Komananımızın qeyd etdiyi kimi: "Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq!".

Nurlan QƏLƏNDƏRLİ

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri