YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən böyük bəşər cinayətinin - Xocalı soyqırımının qisası alındı

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

32 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən böyük bəşəri cinayətlərindən sayılan Xocalı soyqırımı törədildi. O dəhşətli Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirildi. Yandırılan şəhərdən xilas olmaq istəyən insanlara aman verilmədi, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla qətlə yetirildi. Bu dəhşətli cinayət əməli nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansizlıqla qətlə yetirildi. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanların başlarının dərisi soyuldu, müxtəlif əzaları kəsildi, gözləri çıxarıldi, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilidi.

32 il keçdi o dəhşət saçan Xocalı faciəsinin üzərindən. İllər, əsrlər keçsə də o qanlı gecə unudulmadı. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edildi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlandı. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldıldı. Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdi. Bu gün də Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.

“Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir.

Başı müsibətlər çəkmiş xocalılılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində də tezliklə torpaqlarımızın düşmən tapdağından azad edəcəyi, qisasımızın alacağı ümidi ilə yaşadılar. O gün Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, şanlı ordumuzun hünəri sayəsində həyata keçdi. 44 günlük Vətən müharibəsində Xocalı cəlladları məhv edildi, Xocalının qisası alındı. Bu qüruru, xoşbəxtliyi bizə Müzəffər, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu, Vətən uğrunda sinəsini düşmənə sipər edən şəhidlərimiz yaşatdı. Artıq qürurla hər yerdə deyirik ki, Azərbaycan xalqı qalib xalqdır və öz qisasını düşməndən layiqincə aldı.