YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Hər il fevralın 26-sı xalqımızın qan yaddaşında ən müdhiş tarixi gün kimi xatırlanır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etdi. Bu bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım idi. Qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə ata, ya anasını itirdi. Faciədə 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. Möhtərəm prezidentimizin ifadəsi ilə desək, ermənilər dünyanın ən vəhşi qəbiləsinin bacarmadığı bir cinayəti həyata keçirdilər.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil oldu. İndi, o müdhiş faciədən 32 il ötür. Dünya bu illər ərzində Xocalının qatillərinə qucaq açdığı, onların cinayətlərinə seyrçi qaldığı halda Azərbaycan Prezidentinin komandanlığı sayəsində xalqımız, ordumuz düşmənin belini qırmış oldu. Dəmir yumuruqla düşmənin başını əzdi. Erməni faşistləri özlərinin layiqli cəzalarını aldı. Xeyli sayda “xocalı qatili” məhv olunmaqla layiqli cəzasına çatdı. Möhtərəm Ali Baş Komandanımızın uzaqgörən, ağıllı siyasəti bizə yeni zəfər qələbələri qazandırdı.  

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Sözün həqiqi mənasında ən doğru yanaşma, verilən hüququ qiymət də məhz, ümummilli liderin bu cümləsində ehtiva olunur, desək yanılmarıq.  Xocalı soyqırımına ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqrımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.

Müzəffər və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonu tamamilə düşmən işğalından azad edildi. Bu torpaqlar Azərbaycan şəhidlərinin və qazilərinin qanı və cani bahasına azad edilib. Bu gün Xocalı şəhidlərinin şəhidlərinin ruhu şaddır.