YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birliyimizin növbəti rəmzi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətində türk dünyası ilə birliyin möhkəmləndirilməsi prioritet istiqamətlərdəndir. Azərbaycan-Türkiyə qardaşlığının timsalında dünya ümumilikdə türkdilli dövlətlərin birliyinin şahidinə çevrilir.   Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün  yeni imkanlar yaranıb. Dövlət başçısı İlham Əliyevin seçkilərdən sonra Türkiyəyə reallaşdırdığı ilk rəsmi səfər əlaqələrimizin yeni istiqamətlər üzrə inkişafı üçün mövcud imkanlara aydınlıq gətirdi.

Səfər çərçivəsində Prezidentlərin təkbətək, həmçinin geniş tərkibdə görüşlərində  Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olundu. Cənab İlham Əliyev bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Səfər zamanı ikitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti diqqətə çatdırıldı. Əməkdaşlığımızın əsas istiqamətlərindən biri   hərbi  və müdafiə sənayesi sahəsidir. Dövlət başçısı İlham Əliyev bildirdi ki, müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi. Artıq PUA-lar da Azərbaycan səmasında uçur və bu, bizim üçün həm əlavə imkanlar yaradır, eyni zamanda, texnoloji inkişafımız üçün önəmli şərtdir. “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılması üçün işlər sürətlə gedir: “Ümid edirəm ki, bu il və ya gələn il bu gözəl mərkəz açılacaqdır. Eyni zamanda, Türkiyənin bir neçə şirkəti ilə ortaq istehsal üzrə danışıqların son mərhələsindəyik.”

Dövlətimizin başçısı bir daha 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu bildirdi. Vurğulandı ki, 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etdi və bütün 44 gün ərzində Türkiyə yanımızda idi. Savaşın ilk saatlarında Prezident Rəcəb Tayyib Ərdoğanın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Qardaş ölkənin Prezidentinin “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” bəyanatı fonunda  siyasi və mənəvi dəstəyi bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi  savaş meydanında cəmi 44 gün ərzində həll etdik.

Görüş çərçivəsində beynəlxalq təşkilatlarda Azərbaycanla Türkiyə arasında əməkdaşlıq, ölkələrimizin bir-birini daim dəstəklədiyi vurğulandı. Prezident Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı iki ölkə arasında bu əsnada əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu, Azərbaycanın da birgə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Həmçinin ölkələrimizin birgə təşəbbüslərlə çıxış etmələrinin vacibliyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının bizim bir ailəmiz olduğunu və Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı da bu faktı vurğuladığını bildirdi. Böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırıldı.

Bir sözlə, səfər münasibətlərin inkişafında əhəmiyyətli rol oynayacaq addımlarla diqqətdə oldu. Belə ki, iki ölkənin birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin ölkələr, xalqlar arasında körpü rolunu oynadığı bildirildi. Hər bir səfər münasibətlərin gələcək inkişafına xidmət edəcək sənədlərin imzalanması ilə yadda qalır. Bu baxından Azərbaycan-Türkiyə Universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumu xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Prezidenti vurğuladı ki, Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq. Dövlət başçısı İlham Əliyev buna əlavə olaraq bildirdi ki, bu, bizim birliyimizin növbəti rəmzidir.