YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə hər zaman bir yerdədir

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 dekabr 2020-ci il tarixində  keçirilən Zəfər paradında söylədiyi “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” fikirləri iki ölkənin dostluğunun, qardaşlığının bütün sınaqlardan şərəflə çıxdığını, daim yeni-yeni addımların fonunda daha da möhkəmləndiyini nümayiş etdirdi. Tarixi Zəfərimiz Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifənin açılmasını şərtləndirdi. O zamandan ötən üç ildən artıq dövrdə Azərbaycan və Türkiyənin birgə atdığı addımların xronologiyasına diqqət yetirdikdə bu birliyin, həmrəyliyin dünya üçün qardaşlıq, dostluq nümunəsi olduğunu böyük inamla qeyd edirik. Rəcəb Tayyib Ərdoğan, həmçinin həmin səfəri çərçivəsində sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında onu da bildirmişdir ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir.”

Bu gun dünyanın diqqəti növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinə yönəldi. Dövlət başçısı İlham Əliyevin fevralın 19-da qardaş ölkəyə səfəri mühüm məqamları ilə diqqətdədir. Bu səfər, cənab İlham Əliyevin   Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə  keçirilən 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfəridir. Prezident Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində mətbuata birgə bəyanatlarında  bu məqamı xüsusi vurğuladı ki, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin  Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm. Bu fikirlərin davamı olaraq cənab Rəcəb Tayyib Ərdoğan bildirdi ki, qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Tarixi Zəfərimizdən sonra Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi rəsmiləşdirilərək Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd ölkələrimiz arasındakı əlaqələrin bugünkü və gələcək inkişafı üçün bir istiqamətə çevrildi. Cənab İlham Əliyev bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq: “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.”

Şuşa Bəyannəməsi, eyni zamanda,  Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, ümumi problemlərlə bağlı birgə addımların atılmasını, davamlı həmrəylik göstərilməsini, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsini və qarşılıqlı dəstəyin verilməsini  ehtiva edir. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra zərurətə çevrilən mühüm addımlardan biri də media sahəsində əməkdaşlıq oldu. Ortaq Media Platformasının yaradılması ölkələrimizin informasiya cəbhəsində üstünlüyünü  qorunmasına öz töhfələrini verir.

Cənab İlham Əliyevin budəfəki səfəri çərçivəsində isə Azərbaycan-Türkiyə Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Ümumilikdə iki qardaş ölkə arasında təhsil sahəsində  təcrübə mübadiləsi yüksək səviyyədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı İlham Əliyev ilə keçirdiyi  geniş tərkibdə görüşdə “Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram” söyləyərək Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi kimi dəyərləndirdi. Onu da qeyd etdi ki, Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq.

Cənab İlham Əliyev həmin görüşdə “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzəri, tayı yoxdur və bu əlaqələr hər gün daha da güclənir” bildirərək bunu əsaslı şəkildə diqqətə çatdırdı. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti diqqətə çatdırıldı. Ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, 44 günlük Vətən müharibəsində bütün qardaş Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın yanında olmasının, mənəvi və siyasi dəstəyinin torpaqlarımızın azad edilməsində aparıcı rol oynadığını, Qarabağ dastanının yazılmasında mühüm amil olduğunu vurğuladı.

Səfər bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, qarşıdakı illərdə daha da yüksələn xətlə inkişaf edəcəyini  təsdiqlədi.

DİGƏR Xəbərlər Arxiv