YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qardaş Türkiyənin uğurlarına öz uğuru kimi sevinir

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Günümüzün əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin qardaş Türkiyəyə səfəridir. Seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə edən cənab İlham Əliyev bununla bir daha sübut etdi ki, iki dost ölkə arasında birlik, həmrəylik sarsılmazdır və möhkəm təmələ əsaslanır. Reallıq budur ki, Azərbaycan-Türkiyə  münasibətləri tarixi Zəfərimizdən sonra  özünün ən yüksək zirvəsindədir. Cənab İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki,  ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra münasibətlərimiz yeni yüksək zirvəyə qalxdı.  

Bu reallıq da hər zaman önə çəkilir ki, Azərbaycan və Türkiyə Prezidentlərinin şəxsi qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Təbii ki, bu əlaqələrin möhkəm təməlinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu məqamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında xüsusi qeyd etdi. “Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm” söyləyən Türkiyə Prezidenti qeyd etdi ki, Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. 

Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Hər zaman biri-birinin yanında olan iki dost ölkə atdığı addımları ilə belə bir reallığı da təsdiqləyirlər ki, dünyada onlardan yaxın ikinci ölkələr yoxdur. Bu, özünü İkinci Qarabağ müharibəsi, həmçinin bir günlük lokal antiterror tədbirləri zamanı bir daha nümayiş etdirdi. Vətən müharibəsinin hər anı bizimlə bərabər qardaş Türkiyədə də diqqətlə izlənildi, tariximizə yazılan uğur səhifələri onları da ruhlandırdı. Türkiyə Prezidentinin ilk andan “Azərbaycan tək deyil” mesajı dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, ölkəmizə güc verdi. Azərbaycanın 30 illik işğala son qoymasını, həmçinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atdığı addımları önə çəkən  Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatı mühüm məqamları ilə yadda qaldı. Azərbaycan ilə Ermənistanın arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağını böyük inam hissi ilə vurğulayan Türkiyə Prezidenti bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət etdiklərini diqqətə çatdırdı. O da xüsusi qeyd edildi ki,  Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Rəcəb Tayyib Ərdoğan bu mesajı çatdırdı: “Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.”

Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu real addımları ilə nümayiş etdirir. Təkcə ötən ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin, xalqının keçirdiyi hissləri, ilk andan dəstəyini yada salmaq kifayətdir.  Dövlət başçısı İlham Əliyevin  tapşırığına uyğun olaraq Türkiyəyə lazımi dəstək üçün bütün imkanlar səfərbər olundu. Heydər Əliyev Fondu  tərəfindən də Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımlar edildi. Bu diqqət və qayğı yalnız dövlət səviyyəsində deyil, vətəndaşlarımız tərəfindən də yüksək fəallıqla göstərildi. Əsas çağırış bu oldu ki, “Qardaş Türkiyə, səninləyik!” Dünya növbəti dəfə bu dostluğun, qardaşlığın nümunəsinin şahidinə çevrildi. Azərbaycan Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyini hazırda da davam etdirir. Kahramanmaraş vilayətində tikinti işləri aparır. Mətbuata bəyanatında “Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm” bildirən Türkiyə Prezidenti onu da vurğuladı ki, digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə ayrı-ayrı sahələrdə əməkdaşlıq əlaqələrini möhkəmləndirməklə yanaşı, biri-birinin hər anını diqqətlə izləyir, yanında olmağa çalışır. Bu birlik, həmrəylik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Daim ədalətin və beynəlxalq hüququn yanında olan hər iki qardaş ölkə nə qədər dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsalar da sonda ədalətin zəfər çalacağına böyük inamla yanaşır, daha da güclənir, qüdrətlənir. Dövlət başçısı İlham Əliyev hazırda qardaş Türkiyənin dünya çapında yeri və roluna diqqəti yönəldərək bildirdi ki, hər dəfə Türkiyədə olarkən qardaş ölkədə gedən genişmiqyaslı inkişaf prosesini izləyir. Prezident Rəcəb Tayyib Ərdoğanın  səyləri nəticəsində Türkiyə yeni zirvələri fəth edir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Təbii ki, Azərbaycan qardaş Türkiyənin  uğurlarına öz uğurları kimi sevinir.

Prezidentlər həm keçirdikləri geniş tərkibdə görüşlərdə, həm də mətbuata bəyanatlarında türk dünyasının birliyinin önəminə də diqqəti yönəltdilər.  Prezident Rəcəb Tayyib Ərdoğanın “Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü bu ilin iyul ayında Şuşada keçiriləcək. Dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etdi ki, onun dəvəti ilə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin Zirvə görüşündə müşahidəçi statusunda iştirakı ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

DİGƏR Xəbərlər Arxiv