YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh və sabitliyə dair atılan addımlar

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır.  Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir.  Möhkəm tarixi zəminə əsaslanmaqla iki ölkənin dövlət başçılarının və digər yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə bir araya gələrək regional və qlobal gündəliyin aktual məsələləri ilə bağlı müzakirələr aparmaları intensiv hal alıb. Bugünlərdə Prezident İlham Əliyev 60-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Münxendə qarşı tərəfin müraciəti əsasında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Fevralın 19-da isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə rəsmi səfərdə olub. Bu, ölkəmizdə keçirilən prezident seçkilərində qazandığı parlaq qələbədən sonra cənab İlham Əliyevin ilk xarici rəsmi səfəri oldu.

 Ümumiyyətlə, əlaqələrin belə intensivləşməsi iki ölkənin münasibətlərinin strateji mahiyyət daşıdığını və yüksək dinamikaya malik olduğunu bir daha təsdiqləyir. Səfər zamanı Prezidentlərin görüşündə iki qardaş ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Görüşdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımlar da müzakirə edilib. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev isə Türkiyənin bu gün dünya çapında söz sahibi olduğunu vurğulayıb. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Dövlətimizin başçısı  44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ölkəmizə dəstəyini xüsusi vurğulayıb: “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarında əziz Qardaşımın çox qəti və dəqiq açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, siyasi və mənəvi dəstək bizə yetərli oldu və 30 il ərzində sülh vasitəsilə həll edə bilmədiyimiz tarixi məsələmizi biz savaş meydanında cəmi 44 gün ərzində həll etdik. Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq”.

Hər iki dövlət başçısı türk dünyasının birliyinin önəmini də vurğulayıb. Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Əlamətdar haldır ki, bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Şuşada keçiriləcək. Hesab edirəm ki, bu zirvə toplantısının Qarabağın tacı olan Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Bununla da dünyaya mesaj veriləcək ki, Qarabağ tarixən türk yurdudur. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin bu görüşə dəvət edilməsi Türk dünyasının birliyinin güclənməsi baxımından mühüm addımdır.

DİGƏR Xəbərlər Arxiv