YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan Muxtar Respublikasında 6 seçki dairəsində səsvermə keçirilir

Fevralın 7-də növbədənkənar prezident seçkilərində səsvermə üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınıb.

Səsverməyə start verildiyi andan etibarən muxtar respublika sakinləri seçkilərdə fəal iştirak edirlər. Seçki məntəqələrində seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün lazımi tədbirlər görülüb, veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb.

Qeyd edək ki, muxtar respublikada seçki dairələri üzrə ən çox seçici 2 saylı Şərur-Kəngərli seçki dairəsi üzrə (47 min 224 nəfər) qeydə alınıb.

17 min 514 nəfər ilk dəfə səs verəcək. Yaşı 100-dən çox olan seçicilərin sayı 5 nəfərdir. Muxtar respublikada ən yaşlı seçicinin isə 104 yaşı var. O, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayır.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.