YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə maneədir

Politoloq: Sənəddə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var

Ermənistan dövləti revanşizmə, qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymaq və münasibətləri nizama salmaq istəyirsə, ilk növbədə, yeni konstitusiya qəbul etməlidir. Çünki Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasının preambula hissəsində yer alıb. Ona görə də Ermənistan preambula hissəsini yenidən hazırlamalıdır. Bu sözləri açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O deyib: “Nikol Paşinyanın Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşdırması üçün ölkəyə yeni konstitusiya lazım olduğunu deməsi müsbət addımdır. Azərbaycan Prezidenti fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə də vurğuladı ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülh əldə oluna bilər. Həqiqətən də Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə maneədir. Çünki sənəddə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Həmçinin Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə də Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Bəyannamədə qeyd olunub ki, Ermənistan “1915-ci ildə Osmanlı Türkiyəsində və “Qərbi Ermənistan”da gerçəkləşən soyqırımının tanınması”nı dəstəkləyir. Göründüyü kimi, burada həm qondarma erməni soyqırımı, həm də Türkiyə ərazisini əhatə edən “Qərbi Ermənistan” ifadələri mövcuddur. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyənin 6 vilayətini - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Bütün bunlar Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərində ciddi əngəldir. Artıq bunu Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edir”.

Politoloq hesab edir ki, Ermənistanda ərazi iddialarından uzaq, beynəlxalq hüquqa zidd olmayan hüquqi normativ aktların dəyişdirilməsi və ya yenidən yazılması istiqamətində aparılan müzakirələr müsbət haldır: “Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışıqlar davam edir, şərti sərhəddə neçə aydır sakitlikdir. Bu baxımdan da dinc münasibətlərin davamlı olması üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına sözdə yox, həm də sənədlər üzərində son qoymalıdır. Düşünürəm ki, əgər N.Paşinyan yeni konstitusiyanın və digər hüquqi-normativ sənədlərin qəbulunda, həqiqətən də, maraqlıdırsa, bunu həyata keçirəcək. Çünki onun böyük inandırıcılıq qabiliyyəti var. Revanşist qüvvələrin, radikal müxalifətin etirazlarına, sərt reaksiyalarına baxmayaraq, erməni xalqı N.Paşinyanın təşəbbüsünü dəstəkləyəcək”.

R.Alıyev əlavə edib ki, Azərbaycanla müharibədə biabırçı şəkildə məğlub olması fonunda yenidən Ermənistanın baş naziri seçilən N.Paşinyan Azərbaycanın və Türkiyənin tələbi ilə yeni qanunvericilik aktlarının qəbulunu da həyata keçirə bilər. Əgər Ermənistan xalqı Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasını istəyirsə, o zaman N.Paşinyanın təşəbbüsünü dəstəkləməlidir. İndiki müddətdə sülh müqaviləsinin imzalanması Azərbaycandan çox Ermənistana lazımdır. Blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu dünyadan daha da təcrid vəziyyətinə salır. Regiondan minlərlə kilometr uzaqlıqda yerləşən güclərin əlində siyasi alət olan Ermənistan öz qonşuları ilə münasibətlərini nizama salmaq üçün daxildəki revanşist gücləri, təhlükəli ideologiyaları zərərsizləşdirməlidir.