YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Dünyanın ikili standartlar siyasətinin davam etməsinə baxmayaraq Azərbaycan ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ilə daim yeni dostlar, tərəfdaşlar qazanır, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrini yeni istiqamətlər üzrə daha da inkişaf etdirir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Tarixi Zəfərimizdən sonra Azərbaycanın artan nüfuzu, siyasi çəkisi göz qabağındadır. Təbii ki, bu, ondan irəli gəlir ki, ölkəmiz şanlı Qələbəsi ilə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və bunu təsdiqləmək üçün səylər göstərilməli, tarixi ədalətə əsaslanan təbliğatımızı davam etdirməliyik. Həmçinin  bu prinsiplərin tətbiqi üçün vahid mexanizm olarsa o zaman dünyada etimad mühiti yaranar ki, bu da ölkələrarasında əlaqələrin uğurlu inkişafında əsas faktordur.

Azərbaycan tarixi Zəfəri ilə sözünün imzası qədər dəyərli olduğunu bir daha təsdiqlədi. Yaratdığı reallıqlarla dünya siyasətində yeniliklərə yol açdı. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan bu gün də çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrinin əsas təşəbbüsçüsü və iştirakçısıdır. Bu mühüm uğurumuzu da xüsusi qeyd etməliyik ki,  ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına dörd il sədrlik etdi. Ötən ilin sonunda quruma sədrlik müddəti başa çatdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə təsadüf etdi. Lakin bütün bunlara baxmayaraq Azərbaycan uğurlu addımları ilə qurumun beynəlxalq nüfuzunu artıran davamlı addımları ilə diqqətdə oldu.

Dövlət başçısı İlham Əliyevin fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə  Azərbaycanın beynəlxalq nüfuzuna xüsusi diqqət yönəldildi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğuladı. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırdı, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir etdi.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahbiliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Azərbaycan bu ilin dekabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi edəcək.  Ötən ilin dekabr ayında  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un  ölkəmizdə keçirilməsi ilə əlaqədar  Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi.  Bu qərar ölkəmizin növbəti uğuru kimi dəyərləndirildi. «Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı» söyləyən dövlət başçısı İlham Əliyev  onu da bildirdi ki, bu hadisənin önəmi ondadır ki, qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Cənab İlham Əliyev COP29-un bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmədiyini bildirir. COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Azərbaycan həqiqətlərinin təbliği üçün geniş imkanlar yaranır.

Dövlət başçısı İlham Əliyevin Martin Çunqonq ilə görüşündə bu beynəlxalq əhəmiyyətli tədbirə də diqqət yönəldildi. Qonaq COP29-la bağlı dövlətimizin başçısını təbrik edərək, COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü dəstəkləyən dövlətimizin başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana etimad böyükdür. Ölkəmizin ev sahibliyi edəcəyi tədbirlər bundan sonra da davamlılığı ilə diqqətdə olacaq. Hər bir beynəlxalq əhəmiyyətli tədbir həm ev sahibliyi edən, həm də digər iştirakçı ölkələrin hansı imkanlara malik olduğunu təqdim edərək, ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yeni istiqamətlər üzrə inkişafına yeni imkanlar açır.