YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: “Deutsche Welle”nin Dağlıq Qarabağ münaqişəsi barədə yayımladığı veriliş qərəzlidir

Almaniyanın “Deutsche Welle” ictimai yayım şirkəti tərəfindən iyulun 31-də yayımlanmış “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı veriliş qərəzli, birtərəfli və obyektiv jurnalistika prinsiplərindən kənar xarakter daşıyır.

Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev həmin verilişlə bağlı açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, “Deutsche Welle”nin qanunsuz olaraq öz çəkiliş qrupunu Azərbaycanın işğal edilmiş ərazilərinə göndərməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır.

Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu ölkə tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir.

Mahiyyət etibarilə, veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü, bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır.

“Deutsche Welle” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, əslində bu veriliş vasitəsilə dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir.

Münaqişənin əsl mahiyyətini təhrif edərək qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə “Deutsche Welle”, eyni zamanda, öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma həm də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir.

Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “Deutsche Welle”nin həm də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir.

Azərbaycanın Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək.

“Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”, - deyə açıqlamada qeyd edilir.