YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Art MakHaffi: Nyu-Meksiko Azərbaycanın sadiq dostu və müttəfiqidir

ABŞ-da çıxan “Albuquerque Journal” nəşrində Azərbaycanın Nyu-Meksiko ştatındakı fəxri konsulu Art MakHaffinin “Nyu-Meksiko Azərbaycanın sadiq dostu və müttəfiqidir” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan ilə ABŞ arasında çoxillik müttəfiqlik əlaqələrindən, terrora və ekstremizmə qarşı müharibədə, kapitalın yuyulması əleyhinə mübarizədə Azərbaycanın Birləşmiş Ştatlara və NATO-ya dəstəyindən yazan müəllif vurğulayır ki, Azərbaycan İraq və Əfqanıstanda sülhməramlı missiyalarda iştirak edib, İsrailin və ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verib.

Sonra A.MakHaffi Azərbaycan ilə yaxşı münasibətləri möhkəmləndirdiyinə görə Nyu-Meksiko ştatının qanunvericilərinə təşəkkür edib. Konsul bildirib ki, müttəfiqlərimizin əhəmiyyətinin etiraf edilməsi Amerikanın təhlükəsizliyinin təmin olunmasının əsas komponentidir.

MakHaffi qeyd edib ki, Nyu-Meksiko ştatının qanunvericiləri “Washington Post” qəzetinin “ziyanvericiliyi ilə fərqlənən lobbi” adlandırdığı erməni lobbisinin müqavimətinə baxmayaraq, Amerikanın dostu və müttəfiqi olan Azərbaycanı dəstəkləməklə düzgün hərəkət ediblər.

Ştatın qanunverici orqanının Azərbaycanda dini qruplar arasında tolerantlığın olması, müsəlman, yəhudi və xristianların dinc yanaşı yaşaması barədə qətnaməsindən sitat gətirən A.MakHaffi yazır ki, Azərbaycan təhlükəli regionda yerləşir. Bunu Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdə etnik təmizləmə aparması təsdiq edir.

Müəllif sonda yazır ki, Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır. Azərbaycanın Vaşinqton ştatı ilə təyyarə alınması üzrə çoxmilyardlı iqtisadi əməkdaşlığı buna nümunədir. Qeyd edək ki, bu əməkdaşlıq sayəsində minlərlə amerikalı üçün iş yeri təmin olunub.