YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il aprelin 25–27-də Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda yüksək səviyyədə təşkilinin Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılması, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılması baxımından əhəmiyyəti qeyd edilir. Xatırlanır ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində təşkilatın Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycanın paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.

Sərəncamda vurğulanır ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

Sərəncama əsasən, Təşkilat Komitəsi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı zəruri məsələləri, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.