YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Unudulmaz tarix

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. Bəşəriyyətə və insanlığa qarşı bu terror aktı beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən, SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir.

20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlandı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün imkanlardan istifadə etmədilər.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində biri-birindən  mühüm addımlar atdı. Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Onun imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verildi. Müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi hamımız üçün əzizdir. Onlar bu qəhrəmanlıqları, Vətənə, torpağa bağlılıqları ilə bir vətənpərvərlik məktəbi yaratdılar. Bu məktəbdən neçə-neçə nəsillər öyrənəcək, belə qəhrəmanlarımızla qürur duyacaqlar.

Dörd ildir 20 Yanvar faciəsinin ildönümünü torpaqlarımızın işğaldan azad edilməsinin yaratdığı qürura söykənərək qeyd edirik. Son 20 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Prezident İlham Əliyev hər zaman bu məqamı vurğulayır ki, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. 20 Yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Bu gün hər bir azərbaycanlı qürurludur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində 30 ilin işğalına son qoyuldu, tarixi Zəfərə imza atdıq. Azərbaycanın adı qalib ölkə, Prezident İlham Əliyevin adı qalib Sərkərdə kimi tarixə qızıl hərflərlə yazıldı. Atılan hər addım xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu təsdiqləyir.

Ötən il 19 sentyabrda Silahlı Qüvvələrimizin bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin edildi. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanır. Azərbaycanın müstəqilliyinin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır.

DİGƏR Xəbərlər Arxiv