YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilir. Ümummilli Lider Azərbaycanı bugünkü reallıqlara qovuşduran şəxsiyyətdir. Tarixdə şəxsiyyətlərin rolundan daim bəhs olunur. Bu məqam önə çəkilir ki, böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir göstərir. Milli liderin dünyagörüşü, həyat təcrübəsi, siyasi iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. 

Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü xalqa xidmət nümunəsidir. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. O zaman Azərbaycan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və  kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşadı. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri diqqətdə oldu.  

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndərin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.       

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu Öndərin   yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirilən YAP illər ərzində bu etimadı doğrultdu, hər dövrün çağırışlarını yüksək səviyədə yerinə yetirərək cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda keçirdiyi VII qurultayında qəbul etdiyi yeni qərarlar partiyanın qarşısında geniş imkanlar açır. Vaxtilə “Yeni Azərbaycan uğrunda” şüarı ilə yol çıxan, bu deviz əsasında Proqramının icrasına başlayan Yeni Azərbaycan Partiyası bu gün “Biz birılikdə güclüyük!” deyir. Yeni proqramda dövrün bütün çağırışları öz əksini tapıb.

Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Onun fəaliyyətinin hansı dövrünə nəzər salsaq bir  tədqiqat mövzusudur. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi şəxsiyyətin xidmətlərinin, onun ideyalarının daim yaşayacağını və Azərbaycanın gələcək inkişafına işıq salacağını özündə ehtiva edir.

Ümummilli Liderin xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Bugünkü müstəqil, müasir, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən, həmçinin böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycan onun şah əsəridir.

Ulu Öndər Heydər Əliyev 2003-ci ildə müasir müstəqil Azərbaycanın davamlı inkişafını, xalqımızın uğurlu gələcəyini təmin etmək üçün ən böyük töhfəsini təqdim etdi. 1oktyabr 2003-cü ildə xalqa müraciətində Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının inamın və etimadın növbəti ünvanı olduğunu bildirdi.  Son 20 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni-yeni hədəflərin müəyyənləşdirilməsini və onlara çatmaq imkanlarını təmin edir. Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə 30 ilin işğalına son qoydu, Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib ölkəsinin daha da qüdrətlənməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə səy göstərir. Vətən müharibəsində nümayiş etdirdiyimiz birliyimiz sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini də uğurla başa vuracaq, soydaşlarımız tam şəkildə dogma yurd-yuvalarına qayıdacaq, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq.

DİGƏR Xəbərlər Arxiv