YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək

İsmayıl İbrahimov

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri     

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. 7 fevral 2024-cü il Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2023-cü il tarixdə müvafiq Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılmışdır.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ölkəmizdə və regionda yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcəkdir. 7 fevral 2024-cü il tarixdə keçiriləcək seçkilərin qürurverici amillərindən biri də məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəkləridir. Postsovet məkanında ilk dəfə olaraq torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq, BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq. Xalq-iqtidar birliyinin gücü hesabına taleyüklü məsələni həll edən Azərbaycan bu gün inkişaf və tərəqqi yolunda inamla irəliləyir. 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi və bu il sentyabrın 19-20-də, ümumilikdə 23 saat 43 dəqiqəyə keçirilən uğurlu antiterror tədbirləri üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanmasını təmin etdi. Qüdrətli Azərbaycan dövləti öz liderinə, öz rəhbərinə, öz ordusuna, öz gücünə arxalanaraq düşmən üzərində misli görünməmiş parlaq qələbə qazandı.

Xalqımızın qürur mənbəyinə çevrilən Möhtəşəm Zəfərimiz Prezident İlham Əliyevin 20 illik siyasi fəaliyyətinin, hərbi-diplomatik uğurlarının, qlobal təşəbbüslərinin, bir lider kimi xalqı vahid amal uğrunda səfərbər etməsinin bəhrəsidir. Birmənalı olaraq İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbə müstəqil Azərbaycanın Zəfər salnaməsidir. 30 ildən sonra belə bir qələbəyə imza atmaq liderdən müdriklik, səbir, vətənə sevgi, yüksək sərkərdəlik məharəti tələb edir: "Xoşbəxt o xalqdır ki, kiçik əraziyə və az sayda əhaliyə malik olsa da, onu qalibiyyətə doğru aparmağı bacaran lideri var". Bir sözlə, Prezident İlham Əliyev çoxəsrlik tariximizə Zəfər yazmaqla həm də Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli dövlət kimi tanıtmışdır. Ölkə Prezidenti, Müzəffər Ali baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış Proqramı isə Azərbaycanımızın sabahının daha parlaq olacağına və yeni zəfər səhifələrinə imza atılacağına tam əminlik yaradır.

Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində baş verən hadisələri xatırlayarkən müstəqilliyini bərpa edən bir respublikanın hansı ağır sınaqlarla üz-üzə qaldığını göz önünə gətirir. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkə tədricən böhranlı vəziyyətdən çıxmağı başardı. Məhz Ulu Öndər Heydər Əliyev dühası sayəsində  bu günkü güclü, qüdrətli Azərbaycan dövlətinin təməlləri qoyuldu, Azərbaycan müstəqil dövlət kimi dünya arenasında tanındı. Bu siyasi kurs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Xalqın Prezident İlham Əliyevə olan inamının, xalq-rəhbər birliyinin nəticəsidir ki, Azərbaycan dövləti bu gün dünyada öz sözünü deyən, haqqını tələb edən və planetin gələcəyi üçün önəm daşıyan, qlobal proseslərdə yaxından iştirak edən ölkələr sırasında yer alır.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Azərbaycan xalqı bir daha öz dahi Liderinin sözlərinin arxasınca getdi və nəticədə, 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu cənab İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirən xalq bu gün Azərbaycan dövlətinin ən uğurlu dövrünə şahidlik edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il Azərbaycan xalqının tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi qızıl hərflərlə yazılmışdır: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən, Prezident İlham Əliyev 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqınınetimadını qazanmış və hər zaman bu etimadı layiqincə doğrultmuşdur. Bu gün dünyanın tanınmış siyasi liderləri, ictimai xadimlər, beynəlxalq ekspertlər də etiraf edirlər ki, ötən 20 il ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkədə ictimai-siyasi sabitliyi təmin etmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, 2018-ci il və sonrakı dövr Azərbaycan üçün tarixi dəyişikliklərin başladığı bir zaman kəsiyi, yeni reallıqlara açılan son dərəcə çətin, taleyyüklü və böyük uğurlar dövrüdür. Xalq öz liderinə bir daha arxalanmış və 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə Prezident İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bundan sonrakı dövrdə əldə edilən iqtisadi uğurlarımız siyasi müstəqilliyimizi gücləndirdi, dövlətimizi daha da qüdrətləndirdi. Azərbaycan 30 ildən sonra Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan Qarabağ problemini həll etdi, dünyanın enerji təhlükəsizliyində mühüm yeri olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına nail oldu. Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyəti təmin edildi. Azərbaycan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat xətlərinin həyata keçirilməsində həlledici həlqələrdən birinə çevrildi. Ölkəmiz planeti cənginə alan koronavirusla mübarizə sahəsində mühüm təşəbbüslər irəli sürdü və BMT səviyyəsində Xüsusi Sessiyanın keçirilməsinə nail oldu. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və TDT kimi bir sıra qlobal təşkilatlarda aktivliyi ilə ön plana çıxdı. Ölkəmizin gücü və haqlı mövqeyi bu təşkilatlar vasitəsilə qlobal tribunalara daşındı. Prezident İlham Əliyevin uğurlu diplomatiyası hesabına Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin möhkəm hüquqi bazası formalaşdı və nəticədə bir sıra beynəlxalq və regional təşkilatların Ermənistanın hərbi təcavüzü ilə bağlı qətnamələr qəbul etməsinə nail olundu. Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır.

Qeyd olunan uğurların və əldə edilən nailiyyətlərin fonunda əminliklə deyə bilərik ki, Azərbaycan xalqı 2024-cü il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək - sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. 2024-cü il fevral seçkiləri Azərbaycan xalqının böyük sevinc və qürur hissi ilə xatırlayacağı Azərbaycanın yüz illik tarixində Zəfər Seçkisi olacaqdır. Suveren ərazilərimizdə dalğalanan üçrəngli bayrağımızın altında vahid şəkildə birləşən xalqımız bundan sonra da uzun illər nailiyyətlərə, uğurlara və qələbələrə şahidlik edəcək.