YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbədənkənar Prezident seçkilərini zəruri edən amillər

Nazim İsmayılov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü  

Məlum olduğu kimi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin fevralın 7-də Azərbaycanda Prezident Seçkiləri keçiriləcəkdir.

Birmənalı şəkildə deyə bilərik ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçkisi kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi.

Bu ilin sentyabr ayının 19-20-də isə uğurlu antiterror əməliyyatları, ərazi bütövlüyümüzü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini ölkə başçımız cənab İlham Əliyevin qətiyyəti ilə Azərbaycan özü reallığa çevirdi. Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında ­­­– Füzulidə, Zəngilanda, Cəbrayılda, Qubadlıda, Laçında, Şuşada və azad olunmuş digər yerlərdə səs verəcəklər. Bu həm də tarixi zəfər seçkisi olacaqdır. Bundan böyük qürur və sevinc hissi ola bilməz.

Sözsüz ki, Prezident Seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçiriləcəyini görəcək.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin tam təsbitidir.

20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna və onun layiqli davamçısı İlham Əliyevə səs verib, onu Prezident seçdi. Yeni əsrin yeni lideri İlham Əliyev prezidentliyi dövründə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Məhz bu güc sayəsində torpaqlarımızın 30 il davam edən işğalına son qoyuldu.

Növbədənkənar Prezident Seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir.

Zəruriyyət yarandığı halda vaxtından əvvəl prezident və ya parlament seçkiləri keçirilməsi barədə qərarların verilməsi təbii bir prosesdir.

07 fevral 2024-cü ildə ölkədə növbədənkənar prezidet seçkilərinin keçirilməsi Azərbaycanın milli maraqlarından, mövcud tarixi və siyasi zərurətdən irəli gəlir.

Məlumdur ki, Yenilməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Qəhrəman Azərbaycan Ordusunun gücü sayəsində Qarabağ işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyevin siyasi nüfuzu, ona olan xalq sevgisi və dəstəyi bütün dünya liderlərinin qibtə edəcəyi qədər yüksəkdədir. Belə bir şəraitdə ölkəmizi real təhlükələrdən etibarlı şəkildə qorumaq, respublikanın siyasi, iqtisadi və idarəetmə sistemində nəzərdə tutulan köklü islahatları dövrün tələblərinə uyğun həyata keçirtmək, dövlətimizə qarşı hazırlanan məkirli planları vaxtında dəf etmək üçün xalqın Prezidentinə olan etimadını və mandatını daha da möhkəmləndirməkdən ibarətdir.    

Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Başqa sözlə desək, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar.

Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirirlir. Bir məsələni xüsusi qeyd etmək vacibdir ki, növbədənkənar Prezident Seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi başa çatdıqdan sonra qəbul olunub. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir.

Lakin 5 min üzv toplamaqda böyük çətinlik çəkən bəzi radikal müxalifətin növbədənkənar Prezident Seçkilərinin keçirilməsini əsassız tənqid etməsi açıq-aşkar seçkidə məğlubiyyətlərinə saxta don geyindirməkdən başqa bir şey deyildir.  

Tam əminliklə deyə bilərik ki, öz qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Azərbaycan xalqı bu seçkilərdə də Ali rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini ən fəal şəkildə dəstəkləyəcəkdir.