YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunda təşkil olunmuş “Milli gün” mərasimində iştirak ediblər

İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub.

“Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva “Milan Expo 2015” sərgisinin ərazisinə gəldilər.

“Milan Expo 2015”də Azərbaycan milli pavilyonunun təməli 2014-cü ilin iyulunda qoyulub. Ümumilikdə pavilyonda hazırlıq və tikinti işləri 18 ay ərzində davam edib. Azərbaycan milli pavilyonu üzrə təşkilati işlər Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən aparılıb. Ümumi sahəsi 1800 kvadratmetr olan dördmərtəbəli milli pavilyon sərginin builki devizinə uyğun olaraq Azərbaycanın tarixi və mədəni irsini, zəngin ekoloji potensialını, flora və faunasının zənginliyini, nadir biomüxtəlifliyini tərənnüm edir. Bu layihənin hazırlanması üçün 300-dək yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılmışdı.

Milli pavilyonumuzda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq “Mirroring Baku” - Bakı ilə birbaşa əlaqə yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb. Belə bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında da var. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar. Həmçinin paytaxt Bakının sakinləri, şəhərimizin qonaqları da Azərbaycan pavilyonu və onun ziyarətçiləri ilə tanış olmaq imkanı qazanırlar. “Mirroring Baku” adlı bu layihə Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın paytaxtı Bakı ilə sərginin minlərlə iştirakçısının əlaqəsinə şərait yaradır.

Azərbaycan pavilyonunda əvvəlcə Bakı ilə videoəlaqə yaradıldı. Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəbbət Mehdiyeva Prezident İlham Əliyevi salamladı.

Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. “Milan Expo 2015” başa çatdıqdan sonra Azərbaycan pavilyonunun sökülərək yenidən Bakıda qurulması və ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan milli pavilyonunun konsepsiyası barədə məlumat verildi.

Pavilyonda qurulmuş üç biosfer ətraf mühitini və qədim mədəniyyətini daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirir. Pavilyonun dalğavarı taxta divarları Azərbaycana xas olan küləyin, həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir. “Milan Expo 2015” üçün yaradılmış “Azərbaycan. Biomüxtəliflik xəzinəsi” pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan bu diyarın bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. “Mədəniyyətlərin kəsişməsi” biosferi ziyarətçiləri ölkənin ən mühüm tarixi və mədəni məkanlarına səyahətə aparır. İkinci biosfer – “Biomüxtəliflik” ölkənin təbii biomüxtəlifliyinə və mədəni irsinə həsr olunub. Bu biosferin mərkəzindəki konstruksiya Azərbaycanın zənginlik rəmzi olan nar ağacını təcəssüm etdirir. Növbəti biosfer “İnnovasiya və ənənə” adlanır. Burada kökləri səmaya istiqamətlənmiş ağac fiquru var. Bu, rəmzi olaraq Azərbaycan xalqının ənənəyə sadiqliyini, eyni zamanda, gələcəyə yönələn innovativ ölkə olduğunu göstərir.

Pavilyonun birinci mərtəbəsi “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası barədə məlumatlar təqdim olunur. İkinci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaft və bioloji müxtəliflik məlumatları çatdırılır. “Dadlar simfoniyası” adlanan üçüncü mərtəbədə milli mətbəx və orqanik qida məhsulları barədə məlumat və nümunələr təqdim edilir. Bu mərtəbədə, həmçinin “Bakını kəşf et” və “Azərbaycan simaları” bölmələrində fotolar, xəritələr, müxtəlif sahələri təmsil edən azərbaycanlıların portretləri vasitəsilə ölkəmiz və insanlarımızla interaktiv tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda əksini tapıb. Bundan əlavə, pavilyondakı monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir. Pavilyonun dördüncü mərtəbəsində - terrasda restoran fəaliyyət göstərir. Burada milli mətbəx və müxtəlif konsert proqramları təqdim olunur.

Milli pavilyonun həyətində yaradılan IDEA - Biomüxtəliflik parkında IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə dair məlumatlar, müxtəlif ekoloji layihələr təqdim olunur və əyləncəli proqramlar təşkil edilir.

Azərbaycanda biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli, milli təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsi istiqamətlərində görülmüş işlər də pavilyonumuzun daxili tərtibatında əks olunub. Qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün bu günədək müxtəlif ssenarilər hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaft, sosial inkişaf, ixrac və infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və geni modifikasiya olunmuş (GMO) məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar sərgi davam etdiyi müddətdə milli pavilyonumuzda təqdim olunacaq və ziyarətçilərin ölkəmizlə vizual tanışlığını təmin edəcək.

“Milan Expo 2015”ə hazırlıq ərəfəsində Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, nadir landşaftların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprelindən bu ilin fevralınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər şəhər və rayonlara dəfələrlə səfərlər təşkil edilib.

Sonra xatirə şəkli çəkdirildi.

“Milan Expo 2015” Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər. Ölkəmizin bu uğurları səbəbindən Ermənistan “Milan Expo 2015”də iştirakdan imtina edib.

Daha sonra Prezident İlham Əliyev “Milan Expo 2015” beynəlxalq sərgisində dövlət bayraqlarının qaldırılması mərasimində iştirak etdi.

İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi və dövlət bayraqları qaldırıldı.

“Milan Expo 2015” sərgisinin baş direktoru Bruno Antonio Pasquino çıxış edərək Prezident İlham Əliyevin sərgidə iştirakını, nəinki Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığa verdiyi dəyəri, o cümlədən ölkələrimizi bağlayan qarşılıqlı hörmət və böyük ehtirama əsaslanan münasibətləri nümayiş etdirdiyini bildirmişdir.

Daha sonar tədbirdə Prezident İlham Əliyev çıxış etmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan bu sərgidə 2000-ci ildən iştirak edir. Ancaq bu il ilk dəfədir ki, biz sərgidə milli pavilyonumuzla təmsil olunuruq. Bir qədər bundan əvvəl pavilyonla tanış oldum. Burada deyildiyi kimi, pavilyon həm memarlıq, daxili dizayn, tərtibat baxımından zövq oxşayır, yüksək səviyyədədir və ölkəmizlə tanış olmaq üçün çox gözəl imkanlar yaradır.

Pavilyonda Azərbaycanın zəngin tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, xalçaçılıq sənəti, ölkəmizə dair kitablar nümayiş etdirilir və bunlar qonaqlarda Azərbaycan haqqında dolğun təsəvvür yaradır.

Dövlət başçımız vurğulamışdır ki, Azərbaycan qədim diyardır. Çox zəngin mədəniyyətə, tarixə, memarlıq abidələrinə malikdir. Ancaq müstəqil ölkə kimi bizim cəmi 24 yaşımız var. Ona görə ölkəmizi dünyada, Avropada tanıtmaq üçün müxtəlif tədbirlər keçirilir. Onların içərisində “Milan 2015” əlbəttə ki, xüsusi yer tutur. Eyni zamanda, bizim pavilyonumuzda bugünkü Azərbaycan reallıqları da əksini tapıb.

“Azərbaycan dinamik sürətlə inkişaf edən, dünyaya açıq olan ölkədir, Şərq ilə Qərb arasında yerləşir. Həm coğrafi, həm siyasi, həm mədəni baxımdan Şərq ilə Qərb arasındakı bir körpüdür. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi, sülh, əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir. “Milan Expo”nun mövzularından biri də məhz multikulturalizmdir.

Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu gün dünya gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşmüşdür. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb.

Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bir neçə il bundan əvvəl biz 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bu, bizim ölkəmizin beynəlxalq nüfuzunu göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar bu gün imkan verir ki, biz çoxşaxəli iqtisadiyyata malik olaq. Son illər ərzində aparılan işlər nəticəsində işsizliyin, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu gün işsizlik və yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 10 il ərzində 1 milyondan çox yeni iş yeri açılmışdır. Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. Dövlət xarici borcumuz ümumi daxili məhsulun cəmi 10 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən ölkələrin iqtisadi cəhətdən rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 38-ci yerdədir. Yəni, bu, gənc müstəqil dövlət üçün böyük göstəricidir” – deyə, Prezident İlham Əliyev bildirmişdir.

Azərbaycan Prezidenti qeyd etmişdir ki, ölkə qarşısında duran məsələlər var. Biz onları həll edirik. Ancaq son illərdə atdığımız addımlar və əldə edilən nailiyyətlər deməyə əsas verir ki, qarşıda duran məsələlər də uğurla icra ediləcək. Bir sözlə, bu gün Azərbaycan dünyaya açıq, müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən möhkəm dayaqları olan bir ölkədir.

İtaliya-Azərbaycan əlaqələrindən bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu əlaqələr bu gün ən yüksək səviyyədədir. İtaliya bizim üçün yaxın dost, tərəfdaş ölkədir. İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri inkişaf edir, ilk növbədə, siyasi əlaqələr. Düz bir il bundan əvvəl iyul ayında mən İtaliyada növbəti dəfə rəsmi səfərdə olarkən iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Yəni, strateji tərəfdaşlıq iki ölkə arasındakı əlaqələrin ən yüksək zirvəsidir. Bu gün biz bu əlaqələri belə görürük və siyasi əlaqələr möhkəmlənir.

“Bizim iqtisadi əməkdaşlığımız dərinləşir. Bu gün Azərbaycanda 60-dan çox İtaliya şirkəti fəaliyyət göstərir. Əlbəttə, bizim iqtisadi əlaqələrimizin böyük hissəsi enerji siyasəti ilə bağlıdır. Bu gün Azərbaycan və İtaliya ölkələrimiz, bölgələrimiz və Avropa üçün çox önəmli olan “Cənub” qaz dəhlizinin icrası ilə birgə məşğuldur. “Cənub” qaz dəhlizi Bakıdan, Azərbaycandan başlayır və İtaliyada başa çatır. Üç min kilometrdən çox uzunluğu olan bu qaz kəməri gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz müsbət rolunu oynayacaq. Bu gün İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olması imkan verir ki, biz “Cənub” qaz dəhlizini vaxtında icra edək. Beləliklə, bundan sonra uzun illər, onilliklər ərzində İtaliya və Azərbaycan, o cümlədən enerji siyasəti ilə bir-birinə daha da sıx bağlı olacaq. Bir sözlə, bizim ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafı üçün çox gözəl imkanlar var.

İki ay ərzində artıq bir milyondan çox qonaq Azərbaycan pavilyonunda ölkəmizlə tanış olmuşdur. Bu, özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, ölkəmizə çox böyük maraq var və bu maraq qarşılıqlıdır.

Burada qeyd edildi ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunları bir neçə gün bundan əvvəl başa çatmışdır. Başqa qitələrdən fərqli olaraq Avropa Oyunları heç vaxt keçirilməmişdi. Onu da qeyd etməliyəm ki, bu Oyunların keçirilməsi haqqında qərar məhz İtaliyada verilmişdir. 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsi bu qərarı verdi və bu şərəfli missiya bizim üzərimizə düşdü. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə təşkil etdi və keçirdi. Bu, doğrudan da böyük idman və dostluq bayramı olmuşdur. İtaliya komandası yarışlarda çox böyük nəticələr əldə etmişdir. Mən bu qələbələr münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm.

Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək və bu, bir daha mənim sözümü təsdiqləyir. Çünki Azərbaycan həm Avropaya yaxın olan bir ölkədir, Avropa təşkilatlarının üzvüdür və bu təşkilatlarında çalışır, eyni zamanda, müsəlman aləminin tərkib hissəsidir. Biz öz siyasətimizlə çalışırıq ki, sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoqu gücləndirək. Hesab edirəm ki, İtaliyanın və Azərbaycanın bu sahədə gördüyü işlər təqdirəlayiqdir və biz öz səylərimizi bundan sonra da gücləndirəcəyik” - deyə, Prezident İlham Əliyev bildirmişdir.

Prezident İlham Əliyevin sözlərinə görə, bu sərgidə bir milyondan çox insan artıq pavilyonumuzla tanış olmuşdur. Amma ən yaxşı tanışlıq əlbəttə ki, Azərbaycanı görməkdir. Mən sizi, bizim dostlarımızı Azərbaycana dəvət edirəm. Ölkəmizə gəlin və siz görəcəksiniz ki, Azərbaycanda italiyalılara çox böyük rəğbət var.

Çıxışlardan sonra dövlətimizin başçısı və xanımı sərgidəki İtaliya milli pavilyonu ilə tanış oldular. 

İtaliyanın milli pavilyonunun əsas konsepsiyası cəmiyyətin rifahının yüksəldilməsi, torpağın münbitliyinin artırılması üçün insanların istedadından səmərəli istifadəni, ətraf mühitin mühafizəsini ehtiva edir. Burada ziyarətçilər ölkənin zəngin mədəni irsi ilə tanışlıq və incəsənətinə daha yaxından bələd olmaq imkanı əldə edirlər. Pavilyonda, həmçinin İtaliyanın gözəlliyinin əsas ruhu olan füsunkar təbiət və möhtəşəm memarlıq abidələri ziyarətçilərin marağına səbəb olur.

“Milan Expo 2015” beynəlxalq sərgisi mayın 1-dən fəaliyyət göstərir. “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə 145 ölkə iştirak edir. Bu ölkələrdən yalnız 54-ü, o cümlədən Azərbaycan milli pavilyonla təmsil olunur. Digər ölkələr isə sərgidə yalnız stendlərlə iştirak edir. Sərgi oktyabrın 31-dək davam edəcək.

“Expo” ümumdünya sərgisi, həmçinin izləyici sayına, miqyasına görə məşhurdur. Bu il Milanda təşkil olunan sərgi hələ fəaliyyətə başlayana qədər - mayın 1-dək 11 milyondan çox bilet satılıb. Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.

Prezident İlham Əliyev İtaliya milli pavilyonunun xatirə kitabına ürək sözlərini yazdı.

Xatırladaq ki, ümumdünya “Expo” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur.

İtaliya Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Milandan paytaxt Romaya gəlib.

DİGƏR Xəbərlər Arxiv