YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı tariximizin ən unudulmaz səhifələrindəndir

“2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin başlatdığı hərbi təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları – yəni, tariximizə 44 günlük Vətən müharibəsi adı ilə daxil olan qəhrəmanlıq tariximiz xalqımızn həyatında silinməz izlər qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yüksək qəhrəmanlıq və şücaətlə həyata keçirdiyi və 44 gün ərzində davam edən müharibə bütün məqamları ilə bütün dünya üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu qəhrəmanlıq dövlətimizin, xalqımızın və ordumuzun birliyindən tutmuş, vətənpərvərliyinə, peşəkarlığına və cəsarətinə görə misli görünməmiş bir örnək idi”.

Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirdi. Onun sözlərinə görə Azərbaycan Ermənistandan fərqli olaraq müharibəni ləyaqətlə apardı, öz qüdrətini və qətiyyətini yalnız legitim hərbi hədəfləri vurmaqla sübut etdi, heç bir dinc əhaliyə, infrastruktura hədəf kimi yanaşmadı. Hətta Ermənistan tərəfinin təxribatlarının tərkib hissəsi olaraq sivil əhalinin məskunlaşdığı ərazilərdə yerləşdirilən hərbi hədəflər də dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun qorunması üçün hədəf olaraq seçilmədi. Bununla da Azərbaycan ağır hərbi əməliyyatları belə beynəlxalq hüququn prinsiplərinə uyğun müharibə qaydaları ilə apardı. Təəssüflər olsun ki, istər müharibəyə qədər, istərsə də müharibə dövründə Ermənistanın cinayətləri sərhəd tanımadı. Sərhəddən yüz kilometrlərlə kənarda yerləşən, dinc əhalinin sıx yaşadığı şəhərlərimizi – Gəncəni, Bərdəni bombalamaqla, günahsız insanların ölümünə səbəb olmaqla nə qədər riyakar və amansız olduğunu bir daha sübut etdi. Dünya isə hər zamankı kimi bu cinayətlərə susqun mövqeyi ilə 30 ilə yaxın davam etdirdiyi ikili standartlarını sərgiləməkdən zərrə qədər utanmadı. İşğalçı Ermənistana və onun havadarlarına daha çox dəstək verməyə, qol-qanad olmağa çalışdılar. Lakin qüdrətli və yenilməz Azərbaycan dövləti öz mövqeyində qətiyyət göstərərək siyasi, diplomatik və hərbi cəbhələrdə öz gücü ilə yüksək peşəkarlıq göstərdi. Bütün sferalarda Ermənistanın zəifliyini və acizliyini bütün dünyaya sübut edərək, onları ağır məğlubiyyətə uğratdı.

Rayon təşkilatının sədrinin fikrinə görə, Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarını azad etdi, ədaləti və beynəlxalq hüququn yerinə yetirilməyən, hətta pozulmuş qətnamələrini yerinə yetirdi: “Bu zəfər təkcə Azərbaycanın deyil, eyni zamanda beynəlxalq hüququn zəfəridir. Bu zəfərlə Ermənistanın uzun illər və heç bir əsası olmayan, saxta qüdrətli dövlət, ordu mifi darmadağın edildi. Ermənistanın əsl siması, maskası yırtıldı. Azərbaycan xalqı isə öz haqqı olan şanlı qalibiyyətini əldə etməklə gələcək nəsillərimizə əbədi qürur duyacağı bir miras qoydu. Bu zəfər tariximizin ən şanlı səhifəsi olmaqla bərabər, hər birimiz üçün fəxarət və iftixar mənbəyidir. Xalqımız bu tarixi zəfərlə və bu sonsuz qürurla tarixi torpaqlarımızda əbədi olaraq yaşayacaq və oranə əvvəlki görkəminə, ruhuna qaytarmaqla cənnət məkana çevirəcəkdir”.

Xüsusilə vurğulamaq lazımdır ki, Vətən müharibəsində qazandığımız qələbəmizə həsr olunmuş və həmin ilin 10 dekabr tarixində keçirilən Zəfər paradımız da tariximizin ən unudulmaz səhifələrindəndir. Parad ordumuzun gücünü göstərməklə yanaşı, xalqımıza yüksək mənəvi rahatlıq və xoşbəxt anlar yaşatdı. Paradda Ermənistan silahlı qüvvələrindən götürülmüş hərbi qənimətlərin nümayiş etdirilməsi xalqımızın uzun illər boyu məruz qaldığı haqsızlığa, amansızlığa, soyqırıma, etniktəmizləməyə, işğala qarşı ən tutarlı cavabı və intiqamı idi. Paradda dövlət başçımız, müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun təntənəsi idi. Müharibə dövründə qardaş Türkiyə dövlətinin və xalqının siyasi və diplomtik dəstəyi hər zaman minnətdarlıqla xatırlanacaq.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin də söylədiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan isə “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır” deməsi ilə bu qələbənin Azərbaycan xalqının haqqı olduğunu bildirdi.

DİGƏR Xəbərlər Arxiv