YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu şanlı Qələbə tarixdə əbədi qalacaq

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonunun ərazisi 1150 kvadrat kilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir.

23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun 1150 kvadrat kilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər. Şəhər və kəndlərimiz azad olunduqca bir daha aydın oldu ki, erməni işğalçıları yaşayış məntəqələrimizdə daşı daş üstünə qoymayaraq ərazilərimizi viran qoymuşlar. Digər şəhərlərimizdə olduğu kimi, Ağdam şəhəri də erməni vandallığının qurbanı olmuşdur. Ermənilər binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar, milli-mədəni, tarixi və dini abidələrimizə qənim kəsilmişlər. Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda özünün xoşbəxt günlərini yaşayır.  

44 günlük Vətən müharibəsində məğlub olan mənfur düşmən 10 noyabr tarixli Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Ağdam rayonu heç bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata görə 23 noyabr 2020-ci ildə Ağdam şəhəri azad edildi. Ağdamın Azərbaycana təhvil verilməsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama səfər edərək Azərbaycan bayrağını burada qaldırdı. Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı.

2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olduqdan sonra demişdir: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.”

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. İşğal dövründə buraya çox vəhşi münasibət bəsləyiblər. Hər yerdə olduğu kimi, burada da heyvan saxlayıblar və bərbad haldadır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub. 

Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacağı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib. Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ olacaq.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində əsl möcüzə baş verdi və Azərbaycan xalqı ən ülvi arzusuna çatdı. Beş əsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytarıldı. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edildi. Ağdam rayonunun bir güllə atılmadan işğaldan azad olunması isə müzəffər Ali baş Komandan cənab İlham Əliyevin diplomatik uğuru kimi tarixə düşdü.

İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.