YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə YAP və AK Partinin nümayəndə heyətləri arasında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir.

Səfər çərçivəsində noyabrın 14-də "Boğaz şəhidliyi" ziyarət edilib, 1974-cü ildə həyata keçirilən "Barış" hərəkatında şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə keçirilən təntənəli Cümhuriyyət yürüşündə də iştirak edib.

Bundan sonra Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstellə YAP nümayəndə heyəti və qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Alanın rəhbərlik etdiyi AK Parti nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə xalqlarımız və hakim partiyalar arasında əməkdaşlığın əhəmiyyətindən və perspektivlərdən bəhs edilib.

Diqqətə çatdırılıb ki, YAP nümayəndə heyətinin 2022-ci ilin dekabr ayında Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çərçivəsində keçirilmiş üçtərəfli görüş yeni formatda işbirliyinin əsaslarının yaradılması baxımından mühüm əhəmiyyətə malik olub və ötən müddət ərzində təmasların sıxlaşdırılması istiqamətində səmərəli fəaliyyət həyata keçirilib.

Bildirilib ki, Azərbaycanın şanlı Zəfəri - ərazi bütövlüyünün və suverenliyinin tam bərpası nəticəsində yaranmış reallıqlar fonunda Türk dünyasında da münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, eyni zamanda, dost və qardaş xalqlar yeni çağırışlarla üzləşiblər. Belə bir şəraitdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin hakim partiyaları arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi önəm daşıyır.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə olunub.

Noyabrın 14-də, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Rauf Denktaşın və Kipr Türk xalqının azadlıq mübarizəsinin öndərlərindən olan Fazil Küçükün məzarları ziyarət edilib.

YAP nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Zorlu Törenin adından verilən rəsmi ziyafətdə iştirak edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvləri Pərvin Kərimzadə və Rəşad Mahmudov, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin məsləhətçisi Nizami Məmmədov daxildir.