YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti YAP nümayəndə heyətini qəbul edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdədir.

Səfər çərçivəsində noyabrın 13-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar YAP nümayəndə heyətini qəbul edib.

Görüşdə xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən, Türk dünyasında çoxşaxəli əməkdaşlığın əhəmiyyətindən bəhs edilib, müştərək hədəflər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Qonaqları salamlayan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar xalqlarımız arasında qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu və nümunəvi xarakter daşıdığını vurğulayıb. O, bu ilin oktyabr ayında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğunu məmnunluqla xatırlayaraq Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

Türk xalqları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin böyük əhəmiyyətə malik olduğunu söyləyən Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) bu baxımdan önəmli platforma olduğunu söyləyib. O, TDT-nin 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs edib, Azərbaycanın qardaş dəstəyinin Şimali Kipr Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

“Türkiyə ilə bərabər Azərbaycan da Şimali Kipr türklərinin yanındadır. Buna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına sonsuz dərəcədə minnətdarıq”,- deyən E.Tatar Azərbaycanın suverenliyini və konstitusiya quruluşunu bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib. Şimali Kipr Türk xalqının Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirən Ersin Tatar “Sizin qətiyyətli mübarizəniz, Qarabağ Zəfəriniz bizi ürəkdən sevindirib. Şimali Kipr xalqı hər zaman yanınızdadır” ,- deyib.

Dəvətə, səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 40-cı ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası adından və öz adından təbriklərini çatdırıb. YAP nümayəndə heyətinin ötən ilin dekabr ayında Şimali Kipr Türk Cümhuriyyətinə səfərini məmnunluqla xatırlayan Tahir Budaqov müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu, xalqlarımız arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

YAP Sədrinin müavini Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin dost ölkə və xalqlarla, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirdiyini vurğulayıb. O, TDT-nin IX Zirvə Görüşündə Türkiyə ilə Azərbaycanın ortaq mövqeyi və siyasi iradəsi əsasında Şimali Kipr Türk Cümhuriyyətinin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının mühüm tarixə hadisə kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, uzun müddət davam edən işğal faktına və separatizmə birdəfəlik son qoyması bütövlükdə regionda yeni situasiya yaradıb, həm respublikamız, həm də bölgə dövlətləri, o cümlədən dost və tərəfdaş ölkələr üçün yeni perspektivlər müəyyən edib. “Azərbaycanın formalaşdırdığı yeni geostrateji reallıqlar Türk dünyasında da etibarlı təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi baxımından xüsusi önəm daşıyır, regiona rifah və inkişaf vəd edir” ,- deyən Tahir Budaqov xalqlarımızın bundan sonra da sıx əməkdaşlıq və birgə təşəbbüslər nəticəsində mühüm nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, hakim Ulusal Birlik Partiyasının sədri Ünal Üstelin də iştirak etdiyi görüşdə Türk dövlətlərinin hakim siyasi partiyaları arasında əməkdaşlığın dərinləşdirilməsinin də diqqət mərkəzində olduğu vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvləri Pərvin Kərimzadə və Rəşad Mahmudov, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin məsləhətçisi Nizami Məmmədov daxildir.