YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürurumuz

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycanın tarixi zəfərə imza atdığı, xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifinin birdəfəlik darmadağın edildiyi gündən üç il ötür. Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında şanlı Vətənimizin üçrəngli bayrağı dalğalanır. Azərbaycan xalqı düşmənə bir daha sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi.

“Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Ali Baş Komandan, ölkə başçımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin hünəri sayəsində şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündə Şuşa xəyallarımız gerçəkləşdi, dünyanın müharibələr tarixinə Azərbaycan igidlərinin misilsiz qəhrəmanlıqları yazıldı. Bu əlamətdar gündə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi.

Vətən müharibəsinin həlledici məqamlarına, böyük qələbəni təmin edən amillərə nəzər salanda qürur, yüksək fəxarət hissi yaşayırıq. Xalqımızın hədsiz fərəh hissləri ilə qeyd etdiyi 44 günlük Vətən müharubəsində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşmən işğalından azad etdi. Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazanılan misilsiz qələbə regionda yeni reallıq yaratdı.

44 gündə qazanılan şanlı zəfər təkcə 30 il torpaqlarımızı işğal altında saxlayan faşist təfəkkürlü Ermənistan dövləti üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfər idi. Onu da xüsusi ilə qeyd edək ki, dünya koronavirus pandemiyasının çəngində vuruşduğu bir vaxtda Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan yenə də öz humanistliyini göstərdi. Əzəli-əbədi torpaqlarını işğaldan azad edərkən Qarabağda məskunlaşan heç bir erməniəsilli mülki şəxsi hədəf almadı. Azərbaycanın torpaqlarına göz dikənlərə, xəstə təxəyyüllü revanşistlərə humanistliyə, insanlığa dair ibratamiz dərs verildi.

Düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi addım-addım böyük Zəfərə yaxınlaşdırırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! 44 günlük Vətən müharibəsi ərzində oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsini və Ermənistanın birmənalı məğlubiyyətini, kapitulyasiyasını təsbit etdi. 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” sözləri tam təsdiqini tapdı.

“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan xalqı sahib olduqları torpaqlara yenidən həyat qaytarırlar. Dövlət başçımızın rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri xüsusi qayğı və diqqətlə əhatə olunublar. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi verilən sözün böyük dəyərə malik olmasının göstəriciləridir. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 900 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib). Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılır, müharibə veteranlarına aylıq təqaüd təyin edilir, sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

Tarixi Zəfər onu da sübut etdi ki, xalqın öz dövlətinə, rəhbərinə inamı hər bir qələbəni reallaşdırır. Bu gün  dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin, qəhrəman şəhidlərimizin ruhu şaddır.

DİGƏR Xəbərlər Arxiv