YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyəti Çinə səfər edib

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Səfər çərçivəsində sentyabrın 11-də nümayəndə heyətinin Sincan-Uyğur Muxtar Vilayətinin (SUAR) Xalq Nümayəndələri Məclisinin Daimi Komistəsinin sədr müavini Mehmet Kadir ilə görüşü olub.

YAP nümayəndə heyətini salamlayan Mehmet Kadir Azərbaycan-Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını, çoxşaxəli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. O qeyd edib ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etməsi məmnunluq doğurur.

Çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdıran Mehmet Kadir Çin və Azərbaycanın beynəlxalq məsələlərdə daim bir-birinə dəstək nümayiş etdirdiklərini söyləyib. 

Mehmet Kadir Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın, həmçinin gənclər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib və səfərin bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan ilə Çinin dost və tərəfdaş ölkə olduqlarını diqqətə çatdırıb, ölkəmizin Çinlə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini söyləyib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə səfərini xatırladan Ziyafət Əsgərov bildirib ki, bu gün Azərbaycan-Çin münasibətləri hər iki ölkənin liderlərinin siyasi iradəsi ilə dinamik inkişaf edir. Z.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilən Sammiti çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü, "Bir Kəmər, Bir Yol" təşəbbüsünün üçüncü Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı və digər mühüm amillər bu kontekstdə xüsusi vurğulanmalıdır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdıran Z.Əsgərov bildirib ki, Azərbaycan Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə edib və hazırda da bu mövqe dəyişməzdir. Azərbaycanın Çinlə nəqliyyat-logistika sahəsində əlaqələrini dərinləşdirdiyini deyən nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, ölkəmiz Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini ifadə edib. Zəngəzur dəhlizinin reallaşdırılması isə qarşılıqlı faydalı işbirliyini daha da gücləndirəcək.

Z.Əsgərov söyləyib ki, qarşılıqlı səfərlər partiyalararası əlaqələrin inkişafına təkan verir. Nümayəndə heyətinin tərkibinin gənclərdən ibarət olduğunu diqqətə çatdıran Ziyafət Əsgərov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Səfərin məqsədinin Çin və Azərbaycan gəncləri arasında qarşılıqlı təcrübə və fikir mübadiləsinin, faydalı əməkdaşlığın təmin edilməsi olduğunu vurğulayıb.

Görüş başa çatdıqdan sonra nümayəndə heyəti mədəniyyət və turizm müəssisələrini ziyarət edib.