YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik gücün təqdimatı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrin nəticələri Azərbaycanın diplomatik gücünün təqdimatı oldu. Müzakirələrdə  dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.

Reallıq budur ki, Azərbaycan dinamik inkişaf edən dövlət kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyevin vurğuladığı kimi, ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Xarici siyasətin daxili siyasətin davamı, həmçinin bir dövlətin istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və inkişaf etdirilməsi, bir sözlə, beynəlxalq təqdimatı olduğunu nəzərə alsaq, Azərbaycanın bu gün dünyada sözünün imzası qədər əhəmiyyəti olan ölkə  kimi nüfuz qazanması bütün sahələrdə qazandığı uğurlara əsaslanır.

Bir mühüm məqam da daim vurğulanır ki, təbliğat real faktlara, tarixi həqiqətlərə əsaslananda daha inandırıcı və uzunömürlü olur. Ən əsası ədalətin, haqqın zəfər çalacağı qaçılmazdır. Necə ki, Azərbaycan 30 ilə yaxın işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç vaxt ümidini itirmədi, gec-tez ədalətin qalib olacağına böyük əminliklə yanaşdı. Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Dünyada sülhün, təhlükəsizliyin təmin edilməsi missiyasını üzərinə götürən BMT qəbul etdiyi 4 qətnamənin kağız parçası kimi əhəmiyyət daşımasına göz yumdu. Amma bu gün Ermənistanın heç bir məntiqə sığmayan, əsassız, dünya ictimaiyyətinin diqqətini çaşdıracaq təbliğatına uyaraq dərhal müzakirələr keçirməsi təəccüb doğurmaya bilməz. Maraqlısı budur ki, Ermənistan qurumun  bu ölkəyə dəstəyinə necə inanmışdırsa, Azərbaycanla bağlı qətnamə qəbul edəcəyini düşünürdü. Budur, dünyanın nüfuzlu təşkilatlarının, aparıcı dövlətlərinin ədalətə və beynəlxalq hüquqa verdikləri dəyər. BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmamasının, onların zamana və məkana görə tətbiqinin yaratdıqları problemlər göz qabağındadır.

Təhlükəsizlik Şurasında müzakirələr “Dağlıq Qarabağda”kı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.  Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.

Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur.

Ermənistanın hər bir uğursuzluğunu ört-basdır etmək üçün müxtəlif yollara əl atması məlum olaylardandır. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə  uğursuzluqlarını həzm etməmələri Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 17-də hökumətin iclasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasındakı  müzakirələri və üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsində özünün aydın ifadəsini tapır. Azərbaycan Xarici İşlər Nazirliyi  Ermənistan baş nazirinin çıxışında müzakirə və bəyanatları təhrif etməsini Ermənistanın növbəti dəfə BMT TŞ-də düçar olduğu uğursuzluqla barışmaq istəmədiyi kimi şərh etdi. Bildirdi ki, bölgədə “humanitar vəziyyət” barədə hazırkı iddiaların aradan qaldırılması üçün Azərbaycan tərəfindən təklif olunmuş Ağdam-Xankəndi yolundan istifadənin əksər üzv dövlətlər tərəfindən dəstəklənməsinə və bu yoldan istifadə edilməsinə çağırışlara baxmayaraq, Ermənistan baş nazirinin bu yoldan istifadəni qəbul etməməsi qarşı tərəfin bölgədə vəziyyəti daha da gərginləşdirmək niyyətindən xəbər verir. Bununla yanaşı, BMT TŞ üzvlərinin əksəriyyətinin vurğuladığı kimi, bölgədə sülh və sabitliyin bərqərar olması üçün həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsinin vacibliyinə baxmayaraq, Ermənistan tərəfinin “bölgədə humanitar vəziyyət”, “blokada” kimi bəhanələri təkrarlayaraq destruktiv mövqe sərgiləməsi narahatlıq doğurur. Eyni zamanda, üzv dövlətlərin Azərbaycanın legitim təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasının zəruri olduğunu bildirmələri, bu narahatlarıqların həlli istiqamətində səylərin birləşdirilməsinin vacib olduğunu bir daha xatırladır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətinə qarşı Ermənistanın müqavimət göstərməsi, baş nazirin guya ölkəmiz tərəfindən erməni sakinlərə qarşı atəş açdığı barədə iddialar səsləndirməsi və ölkəmizi “etnik təmizləmədə” təqsirləndirməsi Ermənistan rəhbərliyinin bölgədə reallıqları hələ də düzgün qiymətləndirmədiyini nümayiş etdirir.