YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatının rəhbəri Kamboca Krallığında parlament seçkilərini müşahidə edib

Xəbər verildiyi kimi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyətinin üzvləri - Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov və YAP üzvü, “Millennium Tourism & Congress DMC”nin həmtəsisçisi və baş icraçı direktoru, ICAPP Biznes Şurasının üzvü Ruslan Quliyev parlament seçkilərini müşahidə etmək məqsədilə Kamboca Krallığına səfər ediblər.

Səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının nümayəndələri bir sıra görüşlərdə və seçki prosesinin müşahidəsində iştirak ediblər.

İyulun 22-də Kamboca Krallığının Baş naziri, Kamboca Xalq Partiyasının prezidenti Hun Sen ICAPP missiyasının üzvlərini Sülh Sarayında qəbul edib. Görüş zamanı Baş nazir Hun Sen qonaqlara Kambocanın demokratik inkişaf yolundan bəhs edib, müşahidə missiyasına fəaliyyətində uğurlar arzulayıb.

Həmin gün ICAPP missiyasının üzvləri ilə FUNCİNPEC Partiyasının prezidenti, kral ailəsinin üzvü Norodom Çakravut və “Grassroots” Demokratik Partiyasının prezidenti Yeng Virak arasında da görüşlər keçirilib. Görüşlərdə hər iki partiyanın seçki platforması haqqında ətraflı məlumat verilib, müşahidəçilərin sualları cavablandırılıb.

Günün sonunda nümayəndələr Baş nazirin müavini, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Prak Sokhonnun adından verilən şam yeməyinə qatılıblar.

İyulun 23-də ICAPP missiyasının üzvləri paytaxt Pnompendəki bir sıra seçki məntəqələrində səsvermənin gedişatını və səslərin sayılmasını müşahidə ediblər. Prosesin başa çatmasından sonra ICAPP missiyasının müşahidələrin nəticələrini əks etdirən bəyanatı hazırlanıb.

İyulun 24-də keçirilmiş mətbuat konfransında ICAPP-ın baş katibi Ahn Myung-soo müşahidənin nəticələri barədə ətraflı məlumat verib, ICAPP-ın yekun bəyanatı səsləndirilib. Qeyd olunub ki, aparılan müşahidələr parlament seçkilərinin şəffaf, ədalətli və rəqabətli qaydada, demokratiya prinsipləri əsasında keçirildiyini təsdiq edir. Sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

ICAPP nümayəndə heyətinin Kambocaya səfəri iyulun 24-də başa çatıb.