YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhkəm təməlin uğurların davamlılığında rolu

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Hər bir ölkənin inkişafında sabitliyin və iqtisadi amilin rolu Azərbaycanın bugünkü reallıqlarında bir daha öz təsdiqini tapır. Ölkəmizdə mövcud sabitlik və iqtisadi tərəqqi əməkdaşlıq əlaqələrinin genişlənməsində də öz sözünü deyir. Bu məqamı xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimiz, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bütün sahələrdə malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Təkcə cari ilin ötən dövrünün reallıqlarına diqqət yetirsək möhkəm təməlin uğurların davamlılığında rolunu aydın şəkildə görərik.

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu ilin altı ayında əsas istiqamət ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi oldu

Sözsüz ki, hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtiadiyyatın yüksək olmasıdır. Ölkə başçısı müşavirədə çıxışı zamanı görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur. Müşavirədə 6 ay ərzində əldə edilən uğurlar xüsusi olaraq qeyd edilib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır. Həmçinin, ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin edilməsi ilə bağlıdır. Ölkənin builki dövlət büdcəsi rekord həddə - 33 milyard manatdan çox səviyyəyə qalxıb. Bu da öz növbəsində həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilməsinə, ilk növbədə azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verməyə və Azərbaycanın hərbi gücünü daha da artırmağa imkan verir. Bütövlükdə isə yarım ildə 3 milyard manatdan çox vəsait əlavə edilib. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə ölkənin hərbi potensialının güclənməsinə yönəldilib. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir.

Ölkə başçısı qeyd edib ki, mütləq rəqəmlərdə ölkəmizin xarici borcu cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Birinci altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir.

Prezident İlham Əliyev müşavirədəki çıxışında Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərə xüsusi diqqət yetirib. O, bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə, Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə fəal inşaat işləri aparılır. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Dövlətimizin başçısı çıxışında Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırdı. Bir daha şahid olduq ki, Azərbaycanın müdafiə və təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində saxlanılan əsas istiqamətlərdir. Güclü ordu bu gün dövlətlərin milli maraqlarının qorunmasında ən ciddi amillərdən biri kimi çıxış edir. Bu gün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 6 milyard manatdan çoxdur. Bu, Ermənistanın dövlət büdcəsi xərclərinin 50 faizindən artıqdır. Təsadüfi deyil ki, biz regionun ən güclü ordusuna sahib ölkəsiyik. Bütün bunlar milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına imkan yaradır.

Mşavirədə dövlətimizin başçısı ekoloji məsələyə də toxunub və konkret tapşırıqlarını verib. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal dövründə Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi ekoloji terror dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən məhv edilib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur, çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl çəkməlidir.

Bəli, bütün bu uğurlu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Ölkədə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.

Göründüyü kimi, müşavirədə göstərilən bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, Azərbaycan artıq son 20 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur.

Ümumilikdə, dövlət başçımızın 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir.

DİGƏR Xəbərlər Arxiv