YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi əsasdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

İyulun 11-də keçirilən 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə bir daha dövlətimizin siyasətində iqtisadi amilin prioritetliyinə işıq saldı. Təbii ki, hər bir ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi əsasdır. Müşavirədə səsləndirilən rəqəmlərdən də göründüyü kimi, ötən dövrdə aparılan iqtisadi islahatlar və maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi nəticəsində büdcəyə daxilolmalar proqnozla nəzərdə tutulduğundan 3 milyard manatdan çox artıb. Bu isə büdcə xərclərini artırmaq üçün dövlətə yeni imkanlar yaradıb. 2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard manatdan 36 milyard manata qədər yüksəlib. Büdcəmizə əlavələr Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin daha da intensivləşdirilməsinə, həmçinin ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsinə istiqamətləndirilib.

Dövlət başçısı İlham Əliyev müşavirədəki nitqində bir daha bildirdi ki, büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar işlər  nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib.  İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur: “Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.”

Digər mühüm məqam ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün xərclərin artırılmasıdır. Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində hansı imkanlara malik olduğunu nümayiş etdirdi. 44 gündə 30 ilin işğalına son qoyulması ölkəmizin bütün imkanlarının təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra postmünaqişə dövrünün hədəflərini açıqlayarkən dövlət başçısı İlham Əliyev Ordumuzun gücünün daha da artırılmasının vacibliyini bildirdi. Azərbaycan Silahlı Qüvvələri son iki ildən artıq dövrdə ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alaraq hazırda Vətən müharibəsi dövründən də daha güclü, qüdrətli olduqlarını təsdiqləyirlər. Cənab İlham Əliyev müşavirədəki çıxışında da bu məqamı xüsusi vurğuladı ki, bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək: “Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır. Bizim qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir.”

Qısa təhlil bunu söyləməyə əsas verir ki, Azərbaycan tarixi Zəfərimizin çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün bütün səylərini birləşdirib. Sülh müqaviləsinin imzalanması yeni əməkdaşlıq formatlarının reallığa çevriləcəyini təmin edəcək ki, bu da öz növbəsində regionun dayanıqlı iqtisadi inkişafını şərtləndirəcək.

DİGƏR Xəbərlər Arxiv