YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin iqtisadi qüdrətinin təqdimatı

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

“Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.” Dövlət başçısı İlham Əliyevin bu günlərdə cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi bu fikirlər ölkəmizin iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi tərəqqinin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasının vacibliyini bildirir. Həmçinin bu çağırış da ilk gündən səsləndirildi ki, əmək haqqları ildə ən azı iki dəfə artırılmalıdır. Təbii ki, bu əminliklər Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına əsaslanır.  Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə hesablanmış addımlar sırasında idi. Hazırda neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini yüksək səviyyədə qoruyan Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını şərtləndirir.

Dövlət başçısı İlham Əliyevin müşavirədəki çıxışında qeyd etdiyi kimi, əsas hədəf ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir. Bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib.  Qeyri-neft sənayemiz 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artıb.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dünyanın diqqətindədir. Bütün işlər planlı şəkildə və müasir tələblər səviyyəsində həyata keçirilir. Dövlət büdcəsindən ayırmalarda bərpa-quruculuq işlərinə diqqət prioritetdir. Həmçinin cari ilin dövlət büdcəsinə əlavə olunan 3 milyard manatın bir hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpasına, bir hissəsi isə hərbi gücümüzün artırılmasına istiqamətləndirilib. Dövlət başçısı İlham Əliyev bu istiqamətdə ilin sonuna qədər, eyni zamanda, qarşıdakı ildə görüləcək işləri, hədəfləri də açıqladı. “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, gələn ilin investisiya proqramı hazırlananda, əlbəttə ki, Qarabağın və Şərqi Zəngəzurun investisiya xərclərinə baxacağıq və elə etməliyik ki, maliyyə qıtlığı ucbatından vaxt itirməyək: “Yenə də deyirəm bizim maliyyə imkanlarımız genişlənir. Amma o demək deyil ki, bizim bu sahədə problemlərimiz yoxdur. Ölkə qarşısında duran bir çox vəzifələr var. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Sənaye inkişafı ilə bağlı və digər məsələlərlə bağlı bizim çox böyük maliyyə resurslarımız cəlb edilir, səfərbər olunur. Əlbəttə ki, biz ayrılan hər bir vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir - həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində.”

Dövlət başçısı İlham Əliyev müşavirədə tarixi Zəfərimizin reallıqları əsasında Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyətə də diqqəti yönəltdi. Bildirdi ki, sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, sülh anlaşmasına daha da yaxınlaşaq: “Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.”

DİGƏR Xəbərlər Arxiv