YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaranır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Azərbaycan tarixən neft ölkəsi kimi tanınır. Hazırda bu fikri böyük inamla qeyd edirik ki, ölkəmiz, eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısıdır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz enerji diplomatiyasının uğurları fonunda yeni dostlar, tərəfdaşlar qazanır ki, bu da öz növbəsində yeni layihələrin gündəmə gətirilməsini bir zərurətə çevirir. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə miqyasını daha da genişləndirdi. Artıq bu gün çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi, həmçinin görülən işlərin zirvəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verilib. Azərbaycan qazı dünya bazarlarına çatdırılır. Hədəflər sırasında qaz ixracının artırılması xüsusi yer tutur.

Hər il ölkəmizdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bu sahədə qazandığı uğurların, həmçinin qarşıdakı dövrün hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır.  Əsas olan gündəmə gətirilən hər bir enerji layihəsinin uğurlu sonluqla başa çatdırılması və yeni layihəyə yol açmasıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından bəhs edərkən hər zaman bildirilir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, bunlar olmasaydı Cənub Qaz Dəhlizindən danışmaq mümkün olmazdı. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dövlətlər, xalqlar arasında körpü rolunu oynamaqla yanaşı, həm iştirakçı, həm də dünya dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır.

İyulun 11-də keçirilən 2023-cü ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın iqtisadi inkişafını rəqəmlər əsasında diqqətə çatdıran dövlət başçısı İlham Əliyev diqqəti bu günlərdə “Abşeron” qaz-kondensat yatağından ilk qazın çıxarılmasına diqqəti yönəldərək bildirdi ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün artıq iki böyük qaz-kondensat yatağımız var: ““Abşeron” qaz yatağı ilə bağlı bizim ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına.”

O da bildirildi ki, “Abşeron”un birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da qeyd etdi ki, bundan sonra qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək.

Göründüyü kimi, Azərbaycanın zəngin neft-qaz ehtiyatları, həmçinin bu resurslardan səmərəli istifadəsi qarşısında geniş imkanlar açır. Məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu nəticəsidir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirir. Hazırda əsas çağırışlardan biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də böyük potensiala malikdir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün yeni imkanlar yaranır.  

DİGƏR Xəbərlər Arxiv