YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Urbisid, kultursid və ekosid...

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söylədiyi fikirlərdən silsilə materiallar yayıb.

Gürcüstan mətbuatında Prezident İlham Əliyevin çıxışından hazırlanan materiallar geniş marağa səbəb olub.

“Kavkasia.net” portalında rus dilində yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı bütün qoşunlarını Qarabağdan çıxarmağa çağırdığı yazılır. Azərbaycanın dövlət başçısının çıxışına istinadla yayılan məlumatda deyilir: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur edilsə də, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir. Yerdəki erməni hərbi və hərbiləşdirilmiş birləşmələri tərksilah edilməlidir”.

Geniş oxucu kütləsinə malik olan “apsny.ge” portalında yayımlanan xəbərdə isə Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurası haqqında fikirləri yer alıb. Bildirilir ki, hazırda beynəlxalq təşkilatlar, xüsusən də BMT bəşəriyyətin ümidlərini doğrultmur. BMT istər-istəməz ciddi islahatlardan keçməlidir. BMT Təhlükəsizlik Şurası keçmişin yadigarıdır və indiki reallığı əks etdirmir.

“Gaxa.ge” portalında yayımlanan materialda da Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlar, xüsusən də BMT barədə söylədiyi fikirlər yer alıb. Həmin portalda yayımlanan digər materialda isə Prezident İlham Əliyevin Ermənistan və sülh sazişi ilə əlaqədar fikirlərindən bəhs olunur. Dövlətimizin başçısının fikirlərindən gətirilən sitatda deyilir: “Ermənistan həqiqətən də sülhün bərqərar olmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Qarabağı tərk etməlidir. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Ermənistanın hərbi və hərbiləşdirilmiş elementləri yerindəcə tərksilah edilməlidir”.

Gürcüstanın “24news.ge” portalında yayımlanan məlumatda isə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri yer alıb. Bildirilir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Materialda deyilir: "Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir”.

“Qafqazturk.com” saytında gürcü dilində yayımlanan materialda oxuculara Azərbaycan Prezidentinin regiondakı və dünyadakı çağırışlar, eləcə də Azərbaycanın üzləşdiyi problemlər barədə məlumat çatdırılır.

Bildirilir ki, Azərbaycan indi sınaq qarşısındadır. Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal edib və həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bir çox problemlərlə üzləşib.

“Biz keçmişdə işğal olunmuş ərazilərin dağıdılmasının miqyasından dəhşətə gəldik. Onlar Azərbaycanın şəhər və kəndlərini, bütün mədəniyyət və dini abidələri, məscidləri qəsdən dağıdıb, talan ediblər”, -deyə, Prezident İlham Əliyevin fikirlərindən gətirilən sitatda deyilir.

Həmin portalda yayımlanan digər materialda isə İslamı zorakılıq və terrorizmlə eyniləşdirmək cəhdi ilə bağlı Azərbaycan Prezidentinin fikirləri yer alıb: “Danimarka, Niderland və İsveçdə “Qurani-Kərim”in yandırılması və təhqir edilməsi, bunun söz azadlığı olması qəbuledilməzdir və pislənilə bilər”.

Portalın yaydığı daha bir materialda isə oxuculara Zəngəzur dəhlizi ilə bağlı məlumat verilir. Bildirilir ki, Ermənistan, eyni zamanda, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin açılmasına mane olur ki, bu da təxminən üç il əvvəl imzaladığı kapitulyasiya aktına daxil olan digər öhdəlikdir.