YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birgə və qətiyyətli

Anar Məmmədov

Milli Məclisin deputatı

Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Dünən Bakı növbəti dəfə çox böyük və mötəbər beynəlxalq tədbirə - Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan ölkələrin nazirləri qarşısında etdiyi çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Ölkə başçısı ilk dəfə mötəbər beynəlxalq tribunadan dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəbləri açıq şəkildə ortaya qoydu və bu ayrı-seçkiliyi islamofobiya, yeni imperializm və neokolonizm kimi üç qrupda təsnifatlandırdı. Dövlətimizin başçısı bu ilin martındakı sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

“Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.  

Ölkə başçısı həmçinin  hazırda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Fransanın neokolonist baxışlarını və regionda sülhə qarşı olan mövqeyini dünyanın diqqətinə çatdırdı. Cənab Prezidentin rəsmi Parisi Qəmər adalarının öz torpağı üzərində suverenliyinə, dənizaşırı ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırması və bu qəbildən olan digər fikirləri, həmçinin Makrondan hələ də Paris muzeyində müharibə qənimətləri kimi saxlanılan əlcəzairli azadlıq mücahidlərinin kəllə sümüklərini vətənlərinə göndərilməsini tələb etməsi Makrona və ölkəsinə qarşı olan beynəlxalq auditoriyada tərs şapalaq oldu. “Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir”,- bu da dövlət başçımızın səsləndirdiyi tələblərdəndir. Azərbaycan Prezidenti ötən həftə Fransa polisinin 17 yaşlı əlcəzairli gənci qətlə yetirməsini də çox haqlı olaraq onun soydaşlarına yanaşmada yeridilən çoxəsrlik siyasətin davamı hesab edir.

Azərbaycan Prezidentinin verdiyi ən mühüm mesajlardan biri isə Ermənistana və onu müdafiə edən antisülh blokuna ünvanlanıb. Regionda sülh istəməyən Fransa, Hindistan, İran kimi ölkələr bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar, çünki dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.  

Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı.