YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çağırışlarla üz-üzə...

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Gürcüstan mətbuatında Prezident İlham Əliyevin çıxışından silsilə materiallar yerləşdirilib.

Gürcüstanın interpressnews.ge portalında dərc olunmuş məqalədə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin imzalanmasının beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Erməni hərbi və hərbiləşdirilmiş elementlərinin tərk-silahı və tərxis olunması həyata keçirilməlidir”.

Geniş oxucu kütləsinə malik olan netgazeti.ge portalında dərc olunan materialda isə bildirilir ki, Ermənistan silahlı qüvvələri Qarabağı tamamilə tərk etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ərazisində qalan erməni hərbi birləşmələrini ərazini tamamilə tərk etməyə çağırır.

Portal Azərbaycan Prezidentinin bu fikirlərini sitat gətirib: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur edilməsinə baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları hələ də mövcuddur. Əgər Ermənistan həqiqətən də regionda davamlı sülhün əldə olunmasında maraqlıdırsa, onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Erməni əsgərləri və hərbiləşdirilmiş birləşmələri tərk-silah edilməlidir”.

Gürcüstanın İctimai Televiziyasında yayımlanan (1tv.ge) materialda Prezident İlham Əliyevin Fransada rəsmi şəxslərdən və parlamentarilərdən irqçi nifrət dilinin getdikcə daha çox eşidilməsi barədə fikirləri yer alıb. Bildirilib ki, Fransa müstəmləkəçilik keçmişinə və soyqırımı aktlarına görə üzr istəməlidir.

“İnterpress.ge” portalında AZƏRTAC-a istinadla yayımlanan materialda Azərbaycan Prezidentinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığı barədə məlumat verilir.

Bildirilir ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.

Həmin portalda yayımlanan digər materialda isə “Ermənistanın Zəngəzur dəhlizinin açılmasına törətdiyi maneədən bəhs olunur. Bildirilir ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına maneə yaradır.

Eyni zamanda, Azərbaycan Prezidentinin geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə etdiyi diqqətə çatdırılıb.

Qafqaztürk.com saytında yerləşdirilən materialda da Azərbaycan Prezidentinin islamofobiya ilə bağlı fikirləri yer alıb: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Saytda dərc olunmuş “Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir” sərlövhəli materialda isə deyilir: “Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib”.

Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycanın indi bir sıra nəhəng çağırışlarla üz-üzə olduğunu söyləyən Azərbaycan Prezidenti vurğulayıb: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir”.