YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli ordu quruculuğundan başlanan Zəfər yolu

Adilə Abasova

 YAP Veteranlar Şurasının üzvü, professor

Ümummilli lider, dünya səviyyəli əfsanəvi siyasətçi Heydər Əliyevin xalqımız və tariximiz qarşısında çox böyük, əvəzsiz xidmətləri vardır.

Tarixin çox da uzaq olmayan yaddaşına-1991-ci ilin oktyabrına diqqət yetirsək görərik ki, XX əsrin sonlarında yenidən müstəqillik əldə edən Azərbaycan dövləti qısa zaman ərzində onu itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı, qarşıdurma, orduda fərailik, hərc-mərclik, anarxiya, xaos son həddə çatmışdı.
İnsanların ümidsizliyi, sabaha olan inamının itməsi, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə sual altına almışdı. Məhz buna görədir ki, müasir tariximizin yaddaşına 1991-1993-cü illər hərc-mərclik, anarxiya, özbaşınalıq dövrü kimi həkk olunub.

Təbii ki, bütün bunlar səriştəsiz, qeyri-peşəkar, həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, dar düşüncəli, hadisələrə siyasi qiymət vermək iqtidarında olmayan,gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan xain şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.Ölkədə mövcud problemlərin aradan qaldırılmasına nail ola bilməyən, səriştəsizliyi üzündən vəziyyətin daha da kəskinləşməsinə səbəb olan iqtidara qarşı xalqın inamı getdikcə itirdi.

O dövrün mövcud durumunu olduğu kimi şərh edən Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Demək olar ki, xilas yolu görünmürdü. Ölkə böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan bir ölkənin tam müstəqilolması başqadövlətləri, bəzi dairələri qane etmirdi.Nankor Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə olan qarşıdurma, hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən xalq özü saldı”.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının davamlı işğalı, gərginləşən siyasi vəziyyət, əhalinin sosial durumunun gündən-günə pisləşməsi ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu gündəmə gətirirdi. Artıq vəziyyət o həddə çatmışdı ki, siyasi əqidəsindən asılı olmayaraq ölkənin bütün aparıcı qüvvələri müstəqilliyini yenicə bərpa etmiş bir ölkənin düşdüyü ağır və dözülməz vəziyyətdən yalnız və yalnız böyük siyasətçi Heydər Əliyevin çıxarda biləcəyini etiraf edirdi. Ona görə də xalq təxirəsalmadan Heydər Əliyevin ətrafında sıx birləşməyə qərar verdi.

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və tez bir zamanda ölkəmizi yaxınlaşmaqda olan daha ağır, daha qorxulu müsibətlərdən xilas etdi.Beləliklə, də sözün həqiqi mənasında, müstəqil Azərbaycan dövlətinin taleyində bir nicat, bir dönüş mərhələsi başlanıldı, böyük qurtuluşa doğru mühüm addımlar atıldı.

Dünya liderlərinin böyük dəyər verdiyi bu müdrik insan fəaliyyətə başladığı ilk andan iş proqramını xalqa açıqlayaraq bildirdi ki, mən Azərbaycanı qüdrətli, güclü, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirəm və atdığım bütün addımlar bu istiqamətə yönələcəkdir. Buna görə dəiyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ulu Öndərhədə və təzyiqlərəbaxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək bildirdi ki,“Bundan sonra həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən xilasına həsr olunacaqdır”.

Ümummilli lider bütün problemlərin həll olunması üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayaraq, “Hər bir istənilən müsbət nəticə ölkədə sabitliklə tənzimlənir. Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”, deyirdi.

Bütün sahələrdə kifayət qədərproblemlərin mövcudluğuna baxmayaraq, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və planlı iqtisadi inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Qısa zaman ərzində Azərbaycan dövləti dahi siyasətçi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik uzaqgörənliyi nəticəsində gələcəyə inamla baxan, bütün çətinlikləri dəf etmək iqtidarında olan yenilməz bir dövlətə çevrilməyə başladı.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin iqtisadi gücünün möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici amil oldu.

Bu gün milli qurtuluş ideologiyasının uğurlu nəticəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir və dünyada Azərbaycanın nüfuzu daha da artır. Beləliklə, bu mühüm, əlamətdar tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci il 15 iyundan etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Hadisələrin sonrakı gedişatı göstərdi ki, əgər müstəqilliyi qazanmaq vacib məsələdirsə, qarşıda duran digər əsas, önəmli məsələ də bütün vasiitələrdən istifadə etməklə onu qoruyub saxlamaq, inkişaf etdirməkdir. Təbii ki, qarşıda duran bütün məsələlər Ümummilli liderin polad iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində reallığa çevrildi, həllini tapdı.

Ümummilli liderin qətiyyətli addımı xalqa sevinc bəxş edərək, ruh yüksəkliyi gətirdi, itmiş ümidimizi, inamımızı özümüzə qaytardı. Bu tarix həm də Azərbaycanın inamını özünə qaytarmaqla yanaşı, bu gününün, sabahının yoluna əbədi məşəl saldı. 1993-cü ilin yayında Gəncə və Lənkəranda baş vermiş hadisələrin, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınması Heydər Əliyevin böyük siyasət xadimi olduğunu göstərməklə bərabər, respublikada ictimai-siyasi sabitliyin bərqərar olmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə şərait yaratdı. Heydər Əliyev əməli fəaliyyəti ilə bir daha sübut etdi ki, hərbi quruculuq kimi ümumxalq əhəmiyyətli bir məsələnin həlli də, ilk növbədə, ümumxalq yekdilliyindən və ümumxalq həmrəyliyindən asılıdır.

Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanda sabitlik, inkişaf bərqərar olduqca müəyyən qüvvələr- həm xaricdən, həm də daxildən, hər vasitə ilə Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayaraq gedişata ciddi-cəhdlə mane olmağa səy göstərdilər. Lakin onların bu istəkləri sadəcə arzu olaraq ürəklərində qaldı...
Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılq ideyaları ətrafında sıx birləşdi.
Müstəqil Azərbaycan dövlətinin qarşısında duran problemlər sistemli şəkildə həll olundu, ölkədə əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yarandı.

Dahi siyasətçi Heydər Əliyevin dərin zəkası və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.Fitri istedad sahibi olan bu insan ilk növbədə Azərbaycan dövlətinin milli mənafeyinin qorunması naminə Milli Ordunun formalaşdırılmasına, nizamlı silahlı qüvvələrin yaradılmasına, torpaqların müdafiəsi ilə bağlı mühüm addımların atılmasına, dünya arenasında Azərbaycanın haqq səsini ucaltmaq, öz sözünü demək üçün mühüm əlaqələrin yaradılmasına, inkişaf etdirilməsinə çalışdı və buna da qısa zamanda nail oldu.

Beləliklə,12 may 1994-cü ildə atəşkəs əldə edilməsi ölkədə sabitlik yaranmasına, o cümlədən ölkəmizin dünya birliyinə inteqrasiyasına yol açdı. Yaranmış sabitlik regionda beynəlxalq əhəmiyyətli boyük enerji və infrastruktur layihələrini reallaşdırmağı da mümkün etdi. Azərbaycan dövləti öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə etdi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq nəticəsidir. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin marağını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə ciddi xələl gətirəcəkdir”. Bütün çətinliklərə baxmayaraq, müqavilənin Azərbaycanın xeyrinə hazırlanmasında Ulu Öndərin böyük rolu oldu. Müqavilə təkcə ölkəmizin və şirkətlərimizin artan maliyyə potensialını əks etdirmədi, eyni zamanda xarici tərəfdaşların Azərbaycan iqtisadiyyatını inamını, tərəfdaşlığını nümayiş etdirdi.

Məhz Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Ulu Öndər bu barədə danışarkən deyirdi ki, “Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması ön plana çəkildi və torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizamlı ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır.

Atəşkəs dövründə ordu quruculuğunun uğurlu aparılması üçün Heydər Əliyev dövlətin strateji siyasətini müəyyənləşdirdi, milli zabit kadrlarının hazırlanması üçün mükəmməl bir hərbi təhsil sistemi formalaşdırdı, ordunun maddi-texniki bazasının təkmilləşdirilməsi daimi diqqət altına alındı.

Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani göstəricisi idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər.

Heydər Əliyev cəmiyyətin ictimai-siyasi sabitliyinin və yekdilliyinin təmin olunmasına xüsusi əhəmiyyət verirdi. Respublikanın rəhbəri kimi o, əsas fəaliyyətini də məhz bu sahədən başladı. Xalqın siyasi qütblərə parçalanmasını, dövlətin vətəndaşlarının bir-birinə qarşı əks cəbhələrdə dayanmasını Heydər Əliyev erməni təcavüzünə qarşı mübarizədə ciddi maneə kimi qəbul edir, bu parçalanmanın, müxalifətçiliyin ifrat forma alması dayandırılmayınca güclü ordu yaratmağın və ölkənin etibarlı müdafiəsinin mümkünlüyünü də istisna edirdi.
Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məqsədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.

Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də Heydər Əliyev, məhz xalqın gücünə arxalanırdı və həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhrandan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya dasirayət etdi, şəxsi heyətin mənəviəhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı.

Bütünlükdə, Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.

İstər səfərbərlik işindəki, istərsə də bütövlükdə ordu quruculuğundakı nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə görə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri idi. O, dəfələrlə hərbi hissələrə səfər etdi, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış oldu, əsgər və zabitlərin qayğıları ilə maraqlandı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı. Məhz bu istiqamətdə görülən köklü, uğurlu işlərin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

Azərbaycan xalqının tarixinə qızıl rəqəmlərlə yazılmış 44 günlük Vətən müharibəsi, “Dəmir yumuruq” əməliyyatı, 2-ci Qarabağ savaşının şanlı zəfərini bizə ata nəsihətlərini, tövsiyələrini layiqincə yerinə yetirən Prezident İlham Əliyev yaşatdı.

Göründüyü kimi haradan baxırsan bax, bütün sahələrdə qazanılan nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün reallığından baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir