YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Sabitlikdən tərəqqiyə və möhtəşəm zəfərlərə”

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “Sabitlikdən tərəqqiyə və möhtəşəm zəfərlərə” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransda çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, müstəqil dövlətimizin memarı Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Ordusunun yaradıcısıdır. Onun sözlərinə görə, Ordunun müstəqilliyin qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında əhəmiyyətini nəzərə alan dahi rəhbər bu sahəyə daim böyük diqqət yetirib: “Heydər Əliyev respublikamıza ilk dəfə rəhbərlik etdiyi illərdə tez-tez hərbi təhsil müəssisələrinə baş çəkir, istər zabitlər, istərsə də kursantlar arasında azərbaycanlıların azlıq təşkil etməsi ilə heç vaxt barışmırdı. Ötən əsrin 70-ci illərində Ulu Öndərin birbaşa təşəbbüsü ilə Bakıda ilk hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, respublikamızın həyatında olduqca mühüm hadisə oldu. Sonrakı illərin təcrübəsi göstərir ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəldilməsində müstəsna rol oynayıb. Məktəbin məzunları olmuş bir çox zabitlər müstəqillik dövründə Milli Ordumuzun formalaşmasında, torpaqlarımızın müdafiəsində qəhrəmanlıqlar göstəriblər. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə istər ordu quruculuğu, istər digər məsələlərdə ölkəmizdə mühüm yeniliklər oldu, ölkəmiz yüksələn xətlə inkişaf etdi”.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işi yeni dövrün tələbləri əsasında inamla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə bütün zəruri tədbirlərin həyata keçirilməsinə nail olub. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən tədbirlər bunu bir daha təsdiqləyir.

Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisi Məhəmməd Şahbazov, Vətən müharibəsi iştirakçısı Fəxri Əliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sahib Quliyev, Taxtakörpü tam orta məktəbinin direktoru Şəbnəm Uğurlu çıxış edərək Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik institutunun yaradılması, müasir, mütəşəkkil ordumuzun formalaşmasında müstəsna xidmətlərindən bəhs ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup fəal fəxri fərmanla təltif edilib.