YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordumuz xalqımızın güvənc yeridir

“26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Çünki ordumuz xalqımızın güvənc yeridir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusu müasir standartlara cavab verir. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu qazanılan hərbi uğurlar da aydın surətdə təsdiqləyir. Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu istiqamətdə uğurlu siyasət həyata keçirir.

Onun sözlərinə görə, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda böyük təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun qüdrəti daim artıb, qələbələr, nailiyyətlər bir-birini əvəzləyib: “Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Günnüt əməliyyatı ərazi bütövlüyümüzün bərpa olunacağı günün yaxınlaşdığını işarə edən mesajlar idi.  Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Əlbəttə ki, biz tarixi Zəfərin qazanılmasında qəhrəman hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq. Qələbə sevincini yaşatdığı üçün dövlətimiz tərəfindən hərbçilərimiz orden və medallarla təltif olunur, şəhid ailələri və qazilər yüksək qayğı ilə əhatə olunurlar. Bir sözlə, cəmiyyətimiz hər zaman onları uca tutur. Biz müzəffər ordumuzla hər zaman qürur duyuruq!”.

Sevinc Fətəliyeva deyib ki, postmüharibə dövründə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir.  İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub. Hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin daha geniş vüsət aldığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var: “Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür”. Azərbaycanın müstəqil siyasət apardığını deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Hazırda regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. “Bu gün  Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər”,-deyə Prezident İlham Əliyev vurğulayıb.

“Dövlətimizin başçısı çıxışında ədalətli sülhün digər şərtlərini də açıqlayıb. Azərbaycanın şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir. Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürüb. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Digər şərt ondan ibarətdir ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biridir. “Bu gün güc də Azərbaycanın tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq”,-deyən Müzəffər Ali Baş Komandanımızın növbəti xəbərdarlığından qarşı tərəf nəticə çıxarmalıdır. Çünki güclü Azərbaycan Ordusu bütün vəzifələri yerinə yetirməyə qadirdir!”-deyə Sevinc Fətəliyeva vurğulayıb.