YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi missiya yerinə yetirildi

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur. Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə - Qarabağ Zəfəridir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi isə müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı.

Müasir Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.

Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəliyə doğru başlanan dönüş ordu quruculuğunda daha tez hiss olunmağa başladı. 1993-cü ilin payızında Ulu Öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən sonra Azərbaycan Ordusunun yaradılması istiqamətində başlanan işlər uğurla davam etdi. Qısa zaman kəsiyində müxtəlif təyinatlı hərbi birləşmələr formalaşdırıldı, cəbhədə döyüş əməliyyatlarının vahid komandanlıq əsasında hazırlanaraq həyata keçirilməsi və bunun nəticəsi olan uğurlar 1994-cü ilin əvvəllərində hiss edilməyə başlandı. Azərbaycan dövlətinin xilaskarı və qurucusu - Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, 1918-ci ildə əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuşdur. Bu gün respublikamızda hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrdə çoxşaxəli islahatların aparılmasına geniş imkan yaratdı. Yeni formalaşdırılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamənin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin təxribatçı ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı qüvvələrə tələb olunan hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vəsaitlərin istehsalı üçün sifarişlərin Azərbaycanın sənaye müəssisələrində icrası bu sahənin inkişafına datəkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. İldən-ilə ordunun döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlimin düzgün qurulması istiqamətində aparılan işlər dahada gücləndi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi və Azərbaycan Silahlı Qüvvələrinin mükəmməl qanunvericilik bazası yaradıldı.

Ulu Öndər, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin yaratdığı, möhtərəm Prezident İlham Əliyevin gücləndirərək döyüş qabiliyyətinə görə dünyanın ən qüdrətliləri sırasına çıxardığı ordumuz bu gün hər birimizin fəxr yerimizdir. Söz anlamayan, diplomatik həll prosesində özünü adekvat aparmayan, təcavüz siyasətindən əl çəkmək istəməyən işğalçı Ermənistanı məhz rəşadətli ordumuz cəzalandırdı, hərb meydanında ona tarixi boyu unuda bilməyəcəyi dərs verdi. Azərbaycan xalqı Zəfəri 30 ilə yaxın müddətdə gözləyirdi. O gün gəlib çatdı. Torpaqlarımız azadlığına qovuşdu. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. Bu dəmir yumruq düşmənin belini qırdı. Bu gün biz qalib ölkə, qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi.