YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qürur mənbəyi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın möhkəm təmələ əsaslanan davamlı uğurları harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi. Yalnız Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü, gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu Öndərin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər olmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ümummilli Lider, həmçinin bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.  Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Məhz hər bir sahədə, o cümlədən ordu quruculuğunda görülən genişmiqyaslı işlərin fonunda Prezident İlham Əliyev bildirmişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Atılan addımların əsasında işğal altında olan torpaqlarımızınazad edilməsi, tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpa olunması dayanırdı.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu.

“Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır.”  İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində bir daha bildirdi ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: “Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.”