YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmüharibə reallıqları: strateji üstünlüyü şərtləndirən amillər

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Müzəffər Ali Baş Komandan çıxışı zamanı çox mühüm məqamlara toxundu, istər ordu quruculuğu sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən, istərsə də postmüharibə dövründə strateji prioritetlərdən geniş bəhs edərək önəmli mesajlar verdi:

- Cənab Prezident qeyd etdi ki, “Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”. Bəli, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir. Dövlət başçısının vurğuladığı kimi, “bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”. Güclü ordu isə təhlükəsizliyin təmin olunması, ərazi bütövlüyünün qorunması və beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir;

- Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsinin prioritet olduğunu diqqətə çatdırdı. Əlbəttə, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından böyük önəm daşıyır. Bu, sosial, iqtisadi, siyasi və strateji əhəmiyyətə malik olmaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir;

- Dövlət başçısının diqqət yetirdiyi digər mühüm məsələ Azərbaycanın bütün təxribatların qarşısını almaq əzmində və iqtidarında olmasıdır. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, “bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab”. Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan edir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil;

- Cənab Prezident söylədi ki, “bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır”.  Həqiqətən də, qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Ən əsası, müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe Azərbaycana yeni imkanlar və uğurlar qazandırır. Tarixi Qələbəmizdən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın region dövlətləri və iqtisadi, siyasi güc mərkəzləri ilə münasibətlərinin inkişafına güclü impuls, yeni təkan verir ki, bu da postmüharibə dövrünün strateji prioritetlərinin reallaşdırılması kontekstində xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti uzunmüddətli hədəflərin reallaşmasını təmin edir.